Görəsən valideynlər hara baxır? Bu, müasir dövrümüzdə demək olar ki, ən tez-tez verilən suallardandır. Bu günlər qarşılaşdığım bir xəbərlə yenə də həmin sual ortaya çıxdı: azyaşlıları küçə ticarətinə cəlb edən şəxs polis tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyaların satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayev barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Maraqlıdır, görəsən bu azyaşlıların valideynləri hara baxır ki, onların övladları belə bir adamla tanış olur, onunla iş barədə “müqavilə” bağlayır, küçələrdə alverlə məşğul olur? Həmin bu şəxs-İbrahim Yusifov onların övladlarını harada başına yığır, “dərs” verir, ticarət haqqında məlumatlandırır, bu uşaqlarla öz biznesini qurur, bundan valideynin xəbəri olmur. İbrahim adlı bu şəxs çox yəqin ki, səhərlər yaratdığı bu qrupun üzvlərini toplayır, satacaqları məhsullarla təmin edir, işə göndərir, axşam saatlarında isə günün son toplantısını keçirib uşaqların zəhmətini mənimsəyib, onlara da cüzi “əmək haqqı” verirmiş.

Həqiqətən maraqlıdır, bu uşaqlar məktəbə getmirlər? Görəsən onların sinifdə olmadıqları heçmi fərq olunmur? Yaxşı bu uşaq dərs vaxtı bəs haradadır, nə işlə məşğuldur? Bu barədə onların valideynləri ilə əlaqə saxlanıbmı heç? Uşağın ya məktəbdə, ya da evdə-valideyninin yanında olmasından başqa variant düşünülmədiyinə görə bu qənaətə gəlirəm. Və sual verirəm, bizim azyaşlıların küçələrdə nə işi var?

Ya müəllim, ya valideyn axı bu uşağın həyatına, sağlamlığına cavabdehdirlər. Yaxşı, düşünək ki, uşaq məktəbə getmək adı ilə evdən çıxıb, məktəbə yollanır, lakin məktəbə çatmamış İbrahim kimi cəmiyyətin üz qarası onu yoldaca yolundan edir. Bəs məktəbdə bu uşağın olmaması valideyninə bildirilmirmi?

Yaxşı, müəllim çağırıb valideynə uşağının məktəbdə olmadığını deyib. Uşaq məktəbdə də, evdə də deyil, bəs haradadır? Bunun üçün narahat olan varmı? Məktəbdən uşağın məktəbə gəlmədiyini duyan valideyni görəsən övladının harada olması narahat edirmi? Edirsə, nə üçün uşaq küçədə, İbrahimin qrupunda fəaliyyətdədir?

Nədir bu uşaqların günahı? Nə üçün onlar öz yaşıdları kimi məktəblərdə, parta arxasında deyillər? Nə üçün onlar bəlkə də sinfin əlaçısı ola biləcəkləri halda İbrahimin “ticarət obyektinin” fəallarıdırlar? Bəlkə bu uşaqlar sabahkı cəmiyyətimizin ən ziyalı üzvü ola bilərlər? Ölkəmizin ən layiqli vətəndaşı ola bilərlər?

Nə üçün onlar məktəbdə deyil, küçədədirlər? Nədir onları küçələrə sövq edən? Valideyn məsuliyyətsizliyimi? Belədirsə, nə üçün dünyaya gətirirsiniz bu uşaqları? Nə üçün? Nədir onların günahı? Nə üçün onların uşaqlığını əlindən alırsınız? Nə üçün onların əllərindən kitablarını, oyuncaqlarını alıb, gül, salfet, ətir verib küçələrə yollayırsınız? Nə üçün? Axı siz bundan çox yaxşı xəbərdarsınız?

Bu ölkədə kimin ixtiyarı çatar ki, kiminsə övladını mənimsəyib onu alverə sövq edə? O adamın ixtiyarı çatar ki, bu uşaqların nəzarətsizliyinə tamamilə əmindir. Bax yalnız bu halda İbrahimkimilər bizim gül balalarımızın əməyini mənimsəyib onları qul kimi işlədə bilər. Buna isə səbəbkar valideynlərdir.

Saxlaya bilməyəcəyiniz uşağı nə üçün dünyaya gətirirsiniz? Gərtirməyin, qıymayın onlara. Öz işlərinizin, problemlərinizin qurbanı etməyin onları. Yaxşı, bir səhv edib gətirmisiniz dünyaya. Onlara vaxt ayıra bilmirsinizsə, verin dövlət uşaq müəssisələrinə. Qoyun dövlətimiz onların qayğısını çəksin. Belə uşaqlar az deyil ki...

Uşaqlarımızın yeri küçələr deyil. Bunu anlamaq lazımdır. Uşaqlar sizin qazanc gətirəniniz deyil, bunu başa düşmək lazımdır. Bu cür böyüməsinə izn verdiyiniz uşaqların gələcəyini öz əllərinizlə məhv edirsiniz. Bu gün küçələrdə kiçik alverlə məşğul olan övladlarınızın sabah bu işi nə ilə davam etdirəcəyi barədə heç düşünürsünüzmü?

Sabahın gec olacağını nəzərə alıb, elə bu gün həyacan təbilini çalmaq lazımdır. Əziz valideynlər və müəllimlər, uşaqlarımızın gələcəyi sizlərdən asılıdır. Əl-ələ verib onların məhv olmasına yol verməyək... Bu işdə vəzifəsinin öhdəsindən gələ bilməyənlər öz vəzifəsindən imtina etsin. Vicdan naminə!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə