“Yalansa, fransuzski ilan vursun səni” – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması, Fransa prezidenti Emmanuel Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməsini oxuyanda heyrətə gəldim. Əcəba, bu cəfəngiyyatın arxasında hansı səbəblər və məqsədlər dayanır?

Səfirin imkanı olsaydı, prosesdə hansısa “Paris ruhu”nun mövcudluğunu da iddia edərdi. Amma hansı “xidmət”, hansı “Paris ruhu”ndan söhbət gedə bilər? Makron ermənipərəst bəyanatları ilə hətta Brüssel prosesinə və “Praqa ruhu”na da ağır zərbə vurdu və uzun müddət ərzində görülmüş işlərin əhəmiyyətini heçə endirdi. Bu gün Fransa ancaq “Ermənistan ruhu” və “dağıdıcılıq ruhu” haqqında danışa bilər.

Nəinki indiki vaxtda və müharibə vaxtı, ondan qabaq da Fransa tam olaraq Ermənistanın əsas havadarı kimi çıxış edib. Hələ 1-ci Qarabağ müharibəsi vaxtı Fransanın Ermənistana təkcə siyasi deyil, həm də hərbi, iqtisadi, maliyyə yardımı etməsi təəccüblü deyil.

Paris 30 ilə yaxın sürən danışıqlar prosesində ermənilərin xeyrinə olan paket həll variantını dəstəkləyib. Müharibə dövründə var gücü ilə Ermənistanı dəstəkləyib və Azərbaycan əleyhinə mübarizə aparıb. Özü də sırf münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olduğu halda.

Lakin Fransanın dəstəyinə baxmayaraq Ermənistan məğlub oldu və Azərbaycan öz qanuni ərazilərini azad etdi. İndi Fransanın və bəzi digər Qərb dövlətlərinin marağı Azərbaycandan mümkün qədər çox güzəşt qoparmaqdan ibarətdir. Əgər həqiqətən də regionda sülhü istəyirlərsə, onda açıq-aşkar tərəflərdən birinin tərəfini tutmamalı, ən azı neytrallığını qorumalı və ədalətli vasitəçilik etməli idi. Lakin biz bunu görmədik.

İndi bir səfirin çıxıb əldə olunmuş hansısa “nailiyyət”i Fransanın adına yazmaq cəhdi uğursuzdur. O nailiyyət ki, yalnız kağız üzərində qalıb və Ermənistan heç birinə əməl etmir. Üstəlik, Ermənistan ərazisinə, Azərbaycanla sərhəddə xüsusi missiya göndərirlər ki, birdən biz tərəfdən onlara cavab atəşi açılar tez beynəlxalq hay-həşir salsınlar ki, qoymayın, erməniləri qırırlar.

Əgər siz bütün günü bar-bar bağırdığınız beynəlxalq hüquqa, ədalətə sadiqsinizsə onda zəhmət olmasa, Azərbaycanın beynəlxalq hüquqlar tanınmış ərazilərindən erməni silahlılarının rədd olmasını tələb edin, Ermənistanın sərhəddə təxribatlar törədərək delimitasiyaya mane olmasını qınayın, əgər iqtisadi əməkdaşlıqda maraqlısınızsa, onda Ermənistandan Zəngəzur dəhlizini açmağı tələb edin, necə ki, biz Laçın dəhlizini onlar üçün açıq saxlamışıq. Əgər ədalətlisinizsə Ermənistanın 30 ildə törətdiyi soyqırımı tənqid edin, ərazilərimizdə vurduğu dəyəri yüz milyardla ölçülən zərəri kompensasiya etməsini tələb edin.

Heç birini etmirsiniz, etməzsiniz. Demək, sizin məqsədiniz sülh və əməkdaşlıq deyil, tamam başqadır. Bu halda sizdən bizə heç bir fayda gəlməz, heç bir nailiyyətdən söhbət belə gedə bilməz.

Müsyö, Fransanın dünya ölkələrində törətdiyi milyonluq soyqırımları, onlarla ölkəni işğal halını, 20-yə yaxın ölkənin sərvətlərini talama faktlarını, dünya siyasi arenasında, o cümlədən BMT-dəki daimi riyakar mövqeyini də nəzərə alaraq, sizə bir məsləhətim var- Siz bu oyunda ədalətli arbitr ola bilməzsiniz, çəkilin kənara, biz öz problemimizi özümüz həll edirik. Heç kimin məsləhətinə, nailiyyətinə ehtiyacımız yoxdur. Amma nə qədər zaman keçsə də, Fransanın xalqımız və dövlətimiz qarşısında bu “xidmətləri” unudulmayacaq. Malheureusement müsyö...

Bütün xəbərlər Facebook səhifəmizdə