Zombi uşaqlar kimin əsəridir? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Pirşağıdakı 112 nömrəli orta məktəbin sinif otağında baş verən vəhşilik haqda sosial şəbəkələrdə yayılan video cəmiyyətdə kəskin reaksiyaya səbəb olub. Milyonlarla insan bu rəzalətə görə, vəhşiliyi törədən şagirdin, onu öz sinif yoldaşını döyməsi üçün təhrik edən sinif yoldaşının və məsul şəxslərin ciddi cəzalanmasını tələb edir.

Hərçənd, bu hadisəni malalamağa çalışanlar da tapılıb. Guya bu, adi uşaq davası imiş. Əlbəttə, belə düşüncəsiz adamlar hər cəmiyyətdə var, həm də güclü zərbələrlə döyülən onların övladı deyil ki? Öz uşaqları olsaydı, görərdik necə yanaşırdılar. Xeyr cənablar, bu, adi uşaq davası deyil, davada hər iki tərəf dalaşır, bu, sinif yoldaşının inamından istifadə edib ona qəfil güclü zərbələr endirməkdir, yəni, konkret vəhşilik və cinayətdir.

Videoya baxmayanlar üçün deyim ki, oğlan sinif yoldaşı ilə guya zarafatlaşan bir oğlan şagird, qəfildən, qarşısındakının sifətinə çox güclü bir yumruq endirir, sonra onu yerə yıxır və başına güclü yumruq zərbələri endirir və döyməyə davam edir. Uşaq yerə çökdükdən sonra bu vəhşiləşmiş sinif yoldaşı onun sifətinə təpik zərbələri endirir. Dəhşətli orasıdır ki, bu vəhşiliyi sinif yoldaşları laqeydliklə qarşılayır, videonu çəkən isə, “vur”, “döy” deyə təcavüzkarı qızışdırır. Bircə nəfəri belə uşağı o birinin əlindən almağa çalışmır.

Sizə acı da olsa reallığı deyəcəyəm- bu sizin “tərbiyə verib” ortaya buraxdığınız zombi uşaqların real sifətidir. Bu uşaqların qəddar, vəhşi, təcavüzkar əhvalda olmasının, zərrə qədər də mərhəmət hissinə, insanlıq duyğusuna malik olmamasının, dəhşətli, qorxunc bir məxluq kimi böyüdüldüyünün əyani sübudur. Sizi inandırıram ki, belə uşaqların sayı minlərlə ölçülür. Yəni, hörmətli valideynlər, siz uşaq yox, zombi yetişdirirsiniz. Etiraz etməyə cəhd belə etməyin- konkret fakt budur!

Kimsə sizi aldadıb ki, uşaqlara tərbiyə vermək lazım deyil, 5-6 yaşından etibarən onların əlinə böyük və bahalı bir smartfon verib, azad internetdə dəhşətli bir dünyaya buraxmanız sizə öz kefinizdə yaşamaq üçün yaxşı bir imkan yaradıb. Sizin əvəzinizə sizin uşaqlarınızı zombi filmləri, zombi oyunları, təcavüzkar, qorxunc məxluqların hamını qırdığı filmlər və komputer oyunları tərbiyə edir. Yəni, sizin uşaqlarınızı xalqmızın və bəşəriyyətin düşmənləri “tərbiyə edir”, psixologiyalarını formalaşdırır.

Elmi şəkildə sübut olunub ki, əksər müasir filmlər, verilişlər, komputer oyunları, musiqilər çoxsaylı dəhşətli subliminal mesajlarla doludur. Elmi şəkildə sübut olunub ki, bu materiallar insanın alt şüuruna yerləşir və onun psixologiyasını formalaşdırır. Bir dəfə qəfildən o smartfonu uşağınızın əlindən alın, baxın qalareyadakı foto və videolara, baxın internetdə və sosial şəbəkələrdə izlədiklərinə, üzv olduğu qruplara, sizi inandırıram ki, dəhşətə gələcəksiniz.

Bundan başqa, uşağınız sizin sifətinizdir. Havayı yerə deməyiblər ki, uşaqlarınıza tərbiyə verməyin, onsuz da sizə oxşayacaqlar. Uşaq evdə, ailədə nə görür, elə də formalaşır. Məsuliyyətin üstünüzdən ataraq məktəbi günahlandırmayın, məktəb hazırda sadəcə dərsləri öyrədən bir divarlar kompleksidir. Bir də səlahiyyətsiz müəllimlər- o müəllimlər ki, sizin "tərbiyə" etdiyiniz uşaqlar baxçada, məktəbdə onlara elə divan tutur ki, ayaqüstə dayanmağa halları qalmır, əsəbləri məhv olur.

Yeni tətbiq olunan kurrikulum sisteminə görə, artıq müəllimin şagirdi tənbeh etmək, ona tərbiyə vermək hüququ yoxdur. Uşaq isə, hegemondur, nə istəsə edə bilər, necə istəsə davrana bilər, müəllimlə necə istəsə danışa bilər. Yəni, bu sistemin tələblərinə əsasən, məktəbdə hegemon olaraq müəllimlər yox, şagirdlər təyin olunub. Üstəlik, kişi müəllimlər məktəbdən yoxa çıxıb.

Demək, tərbiyə yalnız sizdən asılıdır. Siz də uşağa tərbiyə vermirsiniz. Çünki bu halda sizin seriallara, futbola baxmağa, messencerlərdə saatlarla yazışmağa, tik-tokda biabırçı videolara baxmağa, instaqramda cazibədar fotolarınızı paylaşmağa vaxtınız qalmayacaq.

Düzdür, uşaqların tərbiyəsinə ətraf mühit də təsir edir. Lakin bu mühiti də siz təyin edirsiniz. Çünki bu cəmiyyət elə sizsiniz. Uşağınızın dostlarına, hərəkət və davranışlarına, xasiyyətlərinə, psixologiyasının necə formalaşdığına nəzarət etməlisiniz. Bunu etmirsinizsə, həbsxanalar üçün potensial qatil, cani, zombi yetişdirirsiniz. Ya da gələcək üçün pozğun, əxlaqsız qadınlar yetişdirirsiniz.

Uşaqlarınızın başından, yaşından böyük danışmasına, həddən artıq sərbəstlik və özbaşınalıq etməsinə, eqoist və narsist kimi formalaşmasına, böyük-kiçik vecinə almamasına baxıb fəxr edirsiniz ha, bax bu fəxrin ömrü uzun çəkməyəcək. Tarix və təcrübə bunu bizə aydın şəkildə milyon dəfələrlə sübut edib.

Ona görə də, mən həmişə parlamentə və hökumətə təklif edirəm ki, qanunlarda dəyişiklik etsinlər. Cinayət edən, qanunu pozan uşaqların valideynləri ciddi cəzalandırılsınlar, ən azı ağır cərimə edilsinlər. Çünki, bağışlayacaqsınız, cinayətkar uşaqlar deyil, sizsiniz!

Bütün xəbərlər Facebook səhifəmizdə