Sentyabrın 21-i Beynəlxalq Sülh Günüdür. Dünyada müharibələrin tüğyan etdiyi bir dövrdə bu günün səslənməsi nə qədər böyük bir əhəmiyyətə malikdir. Bu gün insanlara sülhü xatırladır, “dayandırın müharibələri, dayandırın savaşları”, söyləyir. “Ey dövlətlər, ey ölkələr, ey insanlar, sülhə gəlin”,- deyir.

Müharibə əzab-əziyyətdir, övlad itkisidir, göz yaşıdır. Dağıntılar, xarabalıqlar, viranəliklərdir. Müharibə göz yaşı, ana naləsi, ata nisgilidir. Övladlarımızın yarımçıq qalan ömrü, tamamlana bilməyən arzuları, istəkləridir. Müharibə küsülülük, düşmənçilik, yadlıqdır. İllərlə qəlblərdə daşınan kindir. Dövlətləri bir-birinə düşmən edəndir.

Barışıq, sülh gözəllikdir, əmin-amanlıqdır. Bütün dünyanın birləşməsidir, xoşbəxtlik, səadətdir. Sülh üzlərdə gülüş, çöhrələrdə sevincdir. Sülh övladlarımızın arzularının gerçəkləşməsi, onların səadəti, evliliyi, ailəsi, doğulacaq körpələridir. Sülh mahnıdır, şənlik, toy-düyün, demək-gülməkdir.

Müharibəmi, sülhmü? İndi dünyanın qarşısında bu iki seçim var. Gəlin, müharibəni seçib dünyamızı qaraltmayaq. Ömürləri yarımçıq qoymayaq. Ev-eşiyimizi itirməyək. Xarabalıqların sayını artırmayaq. Müharibəni seçib bu vəfasız dünyada bir-birimizə düşmən olmayaq. Qan tökməyək, şəhid, qazi, itkin qazanmayaq. Bəlkə müharibəni başlayanlar, bunun acısını bilməyənlər xəbərsizdir. Lakin müharibələrin şəhidi, qazisi, itkini fəlakətdir. Ömürlük nisgil, yanğıdır, qurumayan göz yaşıdır. Ağaran saçlar, əyilən qədlər, qara yaylıqlardır, saysız qırışlar, bir də ki, ta gülməyən üzlərdir.

Müharibənin acılarını yaşayan bir xalqın nümayəndəsi kimi müharibələr olmasın, İlahi, deyirəm. Çünki biz müharibənin nələrə qadir olduğunu yaxşı bilirik. Onu illərlə yaşamışıq. Qarabağımız əlimizdən gedib. Torpaqlarımız 30 il hicrandan, həsrətdən qovrulub. Balalarımızı itirmişik. Minlərlə şəhidimiz var. Minlərlə qazimiz var. Minlərlə itkinimiz var ki, hələ də onları gözümüz axtarır, dünya durduqca da axtaracağıq onları. Bəlkə qayıdarlar, gələrlər, bəlkə dönərlər deyə axtaracağıq. Biz minlərlə evimizi itirmişik. Ata-babalarımızın qəbirlərini itirmişik. Sərvətlərimiz əlimizdən gedib. Tarixi-mədəniyyət abidələrimiz sökülüb, dağıdılıb, viranəliklərə çevrilib.

Biz müharibənin acılarının nə olduğunu yaxşı bilirik. İkinci Dünya Müharibəsindən, Birinci və İkinci Vətən müharibələrindən bilirik. İndi dünyanın əksər ölkələrində gedən müharibələrin acılarını da bu səbəblərdən yaxşı anlayırıq. Anlayırıq ki, bizim yaşadıqlarımızı yaşayan milyonlarla insan var dünyada.

BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib. Hər il ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. 2007-ci ilin bu günündə Baş katib Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb. “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur” deyən Baş katib dünyanı bir daha sülh uğrunda səyləri birləşdirməyə səsləyib.

Lakin biz elə o illərdən “sülh, sülh” deyə dünyaya səs salmışdıq, lakin səsimizə səs verən olmadı. Siz də eşidərdiniz səsimizi. Lakin hamı susurdu. Dünyanı sülhə çağıranların sükutu qarşısında kimin hayqırtısı eşidilərdi ki?..

Beynəlxalq Sülh Günü 30 ildə görəsən bircə dəfə Azərbaycanı xatırlatdımı dünyaya? Bircə dəfə onun məcburi köçkünləri xatırlandımı? Evindən-eşiyindən silah gücü ilə çıxarılanların harada olduqları, harada yaşadıqları xatırlandımı? Bir milyondan artıq yurd hicranlı insanın 30 illik ahu-naləsi sülh günlərindən birində duyuldumu?

Azərbaycanın 30 ildəki haqq səsi haqsızlığın bağrını yara bildimi? Yoxsa kimlərsə əlini verdi bu haqsızlığın qarşısına? Kimlərsə həyan oldu haqsızlara? Kimlərsə göz yumdu ermənilərin azərbaycanlılara qarşı soyqırımlarına? Bəlkə kimlərsə vəhşilik, quldurluq, terrorizm yuvalarının qarşısına keçib onların görünməsini əngəllədi?..

Ey dünyanın insanları, gəlin müharibələrə “yox” deyək. Onları qəbul etməyək. Onlara qarşı çıxaq. Ey insanlar, sülhə gəlin. Süleymana qalmayan dünyadır bu dünya, daha kimlərə qalacaq ki?..

Sülhə gəlin, ey insanlar, insanlıq xətrinə, insanlığa hörmət, dəyər xətrinə, sülhə gəlin. Gəlin ki, hər ilin 21 sentyabrını həqiqətən də sülhün təməlinin qoyulduğu gün kimi qeyd edək. Bu günü əbədiyyən ülvi duyğularla xatırlayaq, yad edək. Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə