Tik-Tok-un bağlanması doğru addımdırmı? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son günlərdə Azərbaycanda Tik-Tok sosial şəbəkəsinə girişin bağlanması ictimaiyyət arasında müzakirələrə səbəb olub. Bu platformadan istifadə edən insanlar müxtəlif mövqelər ortaya qoyurlar. Cəmiyyətin intellektual, əxlaqlı hissəsi bu şəbəkənin bağlanmasını dəstəkləyir, digər hissə isə etiraz edir. Hər tərəfin öz arqumentləri var. Məsələyə hər iki tərəfdən baxmağa çalışaq.

Bağlanmaya etiraz edənlər deyir ki, bəs Tik-Tok-da digər sosial şəbəkələr kimi adi boş platformadır və özü heç nə yaymır. Bütün şəbəkələrdə materialları yayanlar bizim insanlarımızdır. Üstəlik, bu şəbəkədə xeyli sayda faydalı kanallar var- sağlamlıq və tibb sahəsində maarifləndirici, elmi-texnoloji məlumatları yayan, yaradıcılıqla bağlı videolar paylaşan, sosial problemlərin işıqlandırılması ilə məşul olan və ya sadəcə xəbər yayan və s. Bir çox media orqanlarının, təşkilatların da burada kanalı var və insanlar onları izləyirdi.

Bağılanmanı dəstəkləyənlər isə deyir ki, bu şəbəkədə milli-mənəvi dəyərlərimizə zərbə vuran, uşaq və yeniyetmələrin əxlaqını pozmağa yönələn hər cür murdar videolar, +18 materiallar çoxdur. Hətta ən biabırçı videolara burada rast gəlmək olur. Həm də bu şəbəkədə videolar ardıcıl göstərildiyindən və qarşına nə çıxacağını bilmədiyindən hər cür rəzil səhnələri görürsən.

Göründüyü kimi, hər iki tərəfin arqumentləri əsaslıdır. Toparlasaq belə bir reallıq ortaya çıxır- bəli, Tik-Tok sadəcə boş platformadır, özü heç nə yaymır, orada materialları yayan bizik. Burada çox sayda faydalı kanallar da var. Lakin paralel olaraq ən qəbuledilməz videolar da burada daha çox yayımlanır. Demək, faydalı tərəflərdən daha çox zərər vuran tərəfləri var.

Baxmayaraq ki, rəhbəri olduğum TvPress.Az-ın Tiktokda böyük kanalı var və orada paylaşılan tv çıxışlarım və sosial problemlərlə, milli-mənəvi dəyərlərimizin müdafiəsi ilə bağlı digər videomateriallar yarım milyonadək baxılır, yenə də Tik-Tokun bağlanmasının tərəfdarıyam. Həm də təkcə onun yox, İnstagramın da. Xalqımızın son 30 ildə aparılan qlobal psixotron terrordan salamat qalan mənəvi dəyərləri də bu şəbəkələrdə məhv edilir, gənc nəsil avara, əyləncə və bambılılıq üzrə ümumilli çempionat iştirakçısı kimi yaşayan amorf məxluqlara çevrilir.

Ümumiyyətlə, bütün sosial şəbəkələr saxta və zərərli məlumat yığınıdır. Dəyərlərimizi məhv edən təbliğat meydanıdır. Zərəri faydasından min dəfə çoxdur. İstənilən vaxt bir ölkədə təxribatlar və vətəndaş müharbələri törətmək gücündədirlər. Ərəb baharını xatırlamaq kifayətdir.

Qlobal şəbəkələrin açarı bizim əlimizdə deyil. Bu mərkəzlər istədikləri informasiyanın sürətlə yayımlamasını təmin edir, özlərinə sərf etməyən məlumatların isə bloklanmasını təmin edirlər. Məsələn, Ermənistanın işğalçı siyasəti, ermənilərin terror və soyqırımları ilə bağlı məlumatları yayan şəxslərə qarşı məhdudlandırma və blok qoyulur. Çünki Ermənistan hakimiyyətinin sahibləri bu qlobal şəbəkələrin sahibləridir.

Şəxsən son 15 ildə mənim bütün profil, kanal, səhifələrim bu səbəbdən dəfələrlə uzunmüddətli blok edilib və hazırda da hamısı məhdiyyətlət altındadır. Yaydığım materialı, yazdığım fikri çox az adama göstərir. Amma Tik-Tokda həmin çıxışlarımı paylaşanda yüzminlərlə, bəzən yarım milyon baxış olurdu. Bir də Kontakt və Telegram şəbəkəsində erməniləri ifşa edən materialları paylaşanda heç bir məhdudiyyət olmur. Bu 3 şəbəkə qlobalistlərin əlində deyil. Feysbuk, İnstagram, Tvitter və Yutub isə qlobalistlərin əlindədir.

Ümumiyyətlə, neçə illərdir Azərbaycanda bütün sosial şəbəkələrin bağlanması, bir milli sosial şəbəkə yaradılmasını təklif edirəm. Əks halda olan-qalan dəyərlərimiz də məhv olub gedəcək, ortalıq saxta xəbər, dezinformasiya, təxribat xarakterli materiallarla dolacaq. Gənc nəsil də zombi kimi yetişəcək. Bunun qarşısı alınmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...