Qlobal mafiyanın trilyonluq biznesi: “Ölüm”dən sonrakı “həyat”

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Orqan transplantasiyası məsələsi müəyyən vaxtdan bir ortaya atılır. Xüsusi adamlar bununla bağlı sentimental romanlar danışır, öldükdən sonra orqanlarını insanlara bağışladığını deyirlər. İlk baxışda humanist bir addım kimi görünsə də, heç də elə deyil. Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır. Çünki öldükdən sonra göz qişasından başqa hər hansı bir orqanın köçürülməsi elmi və tibbi olaraq mümkün deyil. Söhbət yalnız ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsindən gedə bilər. Yəni, ölməmiş insandan zorakılıqla və əzabla çıxarılmış orqanlardan. Təbii ki, beyin ölümü kimi saxta diaqnoz qoyaraq.

Buna şərait yaradılsa, həkimlər beyin ölümü diaqnozu qoyaraq xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür. Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə beyin ölümü faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.

Beyin ölümü belə insanın tam ölümü demək deyil. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda şübhələr olmadıqda.

Bəzi ölkələrdə orqan transplantasiya haqda qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Misal üçün, müharibə törədilən ölkələrdə- Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Ukraynada, Misirdə… yüz minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır.

Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi-əxlaqi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.

Nəticələrlə yox, səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş və texnologiyalara qarşı mübarizə aparılmalıdır.

Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır? Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, donor şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, orqan ticarətinin çiçəklənməsinə stimul yaranar ki, bu da həyatda ən ağır cinayətlərdən biridir.

İnsan orqanlarının bağışlanması yalnız tibb elmi tam ölmüş insanın orqanlarından istifadə edə biləcək səviyyəyə çatdıqda reallaşa bilər. Hələlik isə, nüfuzlu alimlərin də qeyd etdiyi kimi, ölmüş insanın orqanları heç nəyə yaramır.

Bütün xəbərlər Facebook səhifəmizdə