Bu insanları öldürsəniz həbs olunmayacaqsınız – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Azərbaycan selektiv abortların sayına görə dünya lideridir

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən ölkələr arasında 1-ci yerdədir. Bu günlərdə böyük ictimai müzakirələrə səbəb olan 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşür. Bu, çox qorxunc göstəricidir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.

Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər.

Milli genefondumuza qarşı ağır terror olan bu faciənin qarşısını almaq üçün Azərbaycanda abort qadağan edilməlidir. Ana bətnindəki köprənin cinsiyyətinin deyilməsinə görə həkimlərə ağır cəza təyin olunmalıdır. Abort vəhşilik, insanın öldürülməsi faktıdır. Alimlərin təsdiq etdiyi kimi, 1 aylıq döl artıq canlı insandır və onun öldürülməsi konkret qətl hadisəsi sayılmalıdır.

Ümumiyyətlə, dünya üzrə hər 1000 qadına il ərzində 35 abort düşür. BMT-nin araşdırmalarına görə, hər il dünyada 55 milyondan çox qadın abort olunur. Onların 20 milyondan çoxu qeyri-leqal abortlardır ki, bu da ana ölümü hallarının artmasına səbəb olur.

Azərbaycanda isə qanunvericilik, abortları qadağan eləmir. Lakin Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır.

Rəsmi məlumatlara görə, hər il ölkədə 30-35 min yaxın abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdə faktiki edilən abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman məlum olar ki, Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə abortların sayı 100 mindən yuxarıdır.

Abort əksər hallarda qadının öz arzusu ilə reallaşır. Amma bəzən qadınları bu cinayəti törəməyə ailədə məcbur edirlər. Ən dəhşətli hallardan biri də odur ki, bir çox həkimlərin dediyinə görə, abort etdirənlər arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır. Belələri, gənc oğlanlarla cinsi münasibətdə olurlar və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər.

Abortların artmasında sosial problemlərın payı cüzidir, bu cinayət əsasən, mənəvi psixoloji problemlərdən doğur. Şəxsən mən hesab edirəm ki, abortların arasında ən çoxu elə bu səbəblərdən yaranan abortlardır ki, burada da cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu görürük.

Bir çox ölkələrdə abort qanunla qadağandır və belə fakt aşkar olunduqda abortu edən və etdirən ağır cəzalandırılır. Azərbaycanda da Cinayət Məcəlləsinə dəyişiklik edilməli, abort hüquqi olaraq qətl hesab olunmalı, buna görə ağır cəza tətbiq edilməlidir. Yalnız istisna hallarda məhkəmə qərarı ilə icazə verilməlidir- məsələn, ana ölümünün qarşısını almaq üçün. Əks halda yaxın gələcəkdə cox ciddi demoqrafik problemlərlə qarşılacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə