“Azəriqaz” İB yenə də əhaliyə ilişir KÖŞƏ

Mövcud fakt və reallıq ondan ibarətdir ki, zəngin yealtı-yerüstü sərvətlərə malik Аzərbаycаn Respublikasının nеft-qаz sənаyеsi dünya ölkələri arasında ən sürətlə inkişaf edən sənayedir. Söz yox ki, bu sahədə uğurlu nailiyyətlərin əldə olunması insanların yaşam tərzinə də müsbət təsirlərini göstərməlidir. Xüsusilə də, hazırkı dönəmdə dünya bazarında təbii qazın qiymətində artımların olması o xoş müjdəni yaradır ki, ölkə əhalisi bu sərvətdən və qiymət artımından geninə-boluna bəhrələnmək imkanı qazanacaq. Ancaq sən saydığını say, gör “Аzəriqаz” Qаpаlı Səhmdаr Cəmiyyətinin başbilənləri nə sayır. Təbii qazın təzyiqi ürəkaçan olmadığı kimi, nə əlləm-qəlləm oyunlar qururlarsa, vaxtaşırı idarə, müəssisə, fərdi yaşayış evlərində təbii qazdan yanğınlar, partlayışlar baş verir. Bu kəm-kəsir barədə geniş yazıb, oxucularımızın yenidən ürəklərini bulandırmaq istəmirəm, sadəcə, qeyd etməyi vacib hesab edirəm ki, bu qurumun işi və fəaliyyəti “Azəriqaz” İB rəhbərliyinin maraqlarını təmin etsə də, cəmiyyətin mənafeyinə ziddir. O gün baş direktorun sosial şəbəkələrdə paylaşdığı bir statusundan oxuyuram ki, ““Azəriqaz” İB-nin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqramlar çərçivəsində növbəti layihələri reallaşdırmağı planlaşdırırlar”. Statusu oxuduğum andan ürəyimdən keçdi ki, kaş bu yeni layihə nədirsə reallaşmayaydı. Ən azı ona görə ki, bu yeni layihə istehlakçıların mənafeyini oxşamayacağı şübhəsidir. Çünki yenilik, müasirlik “Azəriqaz” İB-lik deyil. Misal: Dünya əhalisi bank kartları vasitəsi ilə qaz sayğaclarına ödəniş yükləyir, “Azəriqaz” İB isə hələ də ötən əsrin 90-cı illərinin üsulundadır, yəni köhnə əyyamlarda qalıblar. Və ya dünyanın əksər ölkələri qaz sayğaclarının idarəedilməsini cip kartlar vasitəsilə həyata keçirir, “Azəriqaz” İB isə bir addım irəli, beş addım geri prinsipinə uyğun olaraq istehlakçılara mexaniki qaz sayğacları sırıyırlar. “Azəriqaz” İB həm də qurub-quraşdırdığını hansısa yeni layihənin icrası adı altında dağıtmaqla da məşğuldur. O gün məlumat yayıldı ki, “Azəriqaz” İB qaz borularının sayğaclara birləşən hissəsini dəyişir. Açıq və səmimi deyim, məlumatı eşidərkən düşündüm ki, bu “yenilik” heç də əhalinin xeyrinə olmayacaq. Həqiqətən də, düşündüklərimdə haqlı çıxdım. Bəlli oldu ki, qaz sayğaclarına birləşən boruların təqribən 60-70 santimetr hissəsini heç dəxli olmadan dəyişirlər. Dəyişsinlər və nə maraqları varsa, özləri bilərlər. Ancaq borunu dəyişməklə yanaşı, qaz sayğaclarını yağışdan, qardan qoruyan örtüyü də sındırıb, dağıdıb gedirirlər. Etiraz etmək, narazılığını bildirmək də mənasızdır. Qaz sayğacının örtüyünün sındırılıb sıradan çıxarılması ilə zərər görən istehlakçı cəsarət nümunəsi orta qoyub, “yenilikçilərə” “niyə qaz sayğacının örtüyünü sındırıb aradan çıxırsınız” desə, daha bir ziyana düşə bilər. Ən azı təhqir olunar, söyüşlərə qonaq ola bilər. Bu barədə, çoxsaylı faktlar mövcuddur. Hələlik isə, bu qədər. Həqiqətən də, bizə belə “Аzəriqаz” Qаpаlı Səhmdаr Cəmiyyəti lazım deyil.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə