Ermənistanda gündəmə çevrilən daha bir olay əlbəttə ki, diqqətimizdən yayına bilməzdi. Məsələ isə həqiqətən də yarızarafat və yarıciddi təsir bağışlayır. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət evindən çıxarkən bir koçaryançı daşnak qadının ona xitabən “turkes?”, yəni “türksən?” sualını ünvanlaması, Nikolun isə “ayo, ayo”, yəni “hə, hə” deyərək xidməti avtomobilinə əyləşməsidir.

Əslində, etiraf edək ki, Nikol daşnakçı qadına sarkazmlı cavab verib və qarşı tərəfə söz ilə şillə vurub. Çünki son bir neçə aydır ki, paytaxt İrəvan da daxil olmaqla devrilmiş iqtidarın liderləri – Qarabağ klanının əsas fiqurları olan Robert Koçaryanla Serj Saqrsyanın, habelə digərlərinin tərəfdarları “Türksüz Ermənistan”, “Türk Nikol” kimi şüarlar səsləndirirlər. Bütün bunların nədən qaynaqlanması zatən bəllidir, amma haqqında bəhs etdiyimiz situasiyada Nikolun cavabı bəzən düşünməyə də vadar edir.

Məsələn, o da sirr deyil ki, bu gün Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ətrafında danışıqlar aparılır və bu danışıqlarda sərhədlərin açılmasından tutmuş ticarət və iqtisadi əlaqələrin qurulmasına qədər bütün məsələlərə toxunulur. Hətta İrəvan-İstanbul hava reysləri də həyata keçirilir. Bunu istəməyən Qarabağ klanı isə bu da daxil olmaqla Nikol Paşinyanın fəaliyyətinin əsas hissəsini türklərin səmərəsinə işləməsi kimi qiymətləndirirlər. Halbuki, Paşinyan ölkəsinin düşdüyü ağır vəziyyətdən çıxması üçün çalışır, əlbəttə ki, Azərbaycanla əlaqəli danışıqlardakı bir sıra məlum cığallıqlarını, qeyri-sözübütövlüyünü nəzərə almasaq...

Amma Nikolun “türk” olduğunu “etiraf” etməsi və od qoyması həm də belə nəticə çıxarmağa gəlir – el misalı var, “od olmasa tüstü çıxmaz”. Bəlkə də bu tüstü revanşist ermənilər üçün qarşıda hələ daha qalın və boğucu olacaq, hətta onlar öz istədiklərinə, “türksüz Ermənistan” görmək maraqlarını realizə edə bilmədiklərinə görə ölkənin ərazisini tərk də edə bilərlər. Amma fakt budur ki, Nikol “ayo, ayo” deməklə həmin məsələni aktuallaşdırdı. Özü də bu hələ harasıdır ki? Zatən qədim türk diyarı olan İrəvanda Azərbaycan küləyi əsəndə vəziyyət daha da gərginləşəcək revanşistlər üçün. Bax, onda bir də gördün Nikol tribunaya çıxaraq türk dilində erməni xalqına müraciət ünvanlayacaq. Məsələn, deyəcək ki, eyyy əhli ərməniyyə, eyyy vassal xalq, eşidin və bilin, bundan sonra mənim adım və titulum olacaq Nikol Paşa! Bax, onda şəbədə nə şəbədə olacaq. Lap siz dalaşa, biz tamaşa...

Amma öz aramızdı, bu Nikol yaman ələyatımlı baş nazirdi ha. Bütün mənfi cəhətlərini çıxdaş etsən, ondan yaxşı “türkvari” çıxar. Nə qədər olmasa özü də bunu “etiraf” edib. Deyirəm bəlkə imkan tapan kimi onun genetik mənsubiyyətini araşdıraq, nə deyirsiniz bu təklifə?

Bütün xəbərlər Facebook səhifəmizdə