Rusiya-Ukrayna müharibəsinin uzanması və bunun fonunda Rusiyanın itkilərinin artması məndə bir daha o qənaəti yaradır ki, sadə ruslar elə ermənilər qədər yazıq və bədbəxt toplumdur. Çünki tarixən hakimiyyətin yuxarı pilləsində oturmuş istənilən İvan və ya “alkaş” Petro millətini qırğına verib. Hesablamalara görə, yalnız son 200 ildə ivanların sərxoş baxışları və qərarları səbəbindən 115 milyon rus o dünyalıq olub. Bu gün də rusların vəziyyəti fənadı. “Bomoj”ların sayına görə Rusiya dünyada ön sıralarda qərarlaşır. Yəni, Rusiya əhalisinin 10-12 faizinin evi-eşiyi, işi-gücü yoxdur, sərsəri olaraq zibilxanalarda, meşələrdə, gözdən-könüldən uzaq yerlərdə həyatlarının sonunu gözləyirlər. Rusiyanın suveren, müstəqil Ukrayna dövlətinə hücum edib, minlərlə şəhər və qəsəbəni, kəndi dağıtması, milyonlarla insanı ev-eşiyindən didərgin salması, on minlərlə dinc insanı qətlə yetirməsi Putinə baha başa gələcəyi və ölkəsində “bomoj”ların sayının bir qədər də artacağı şübhəsizdir. Artıq Putin ölkəsinin baş naziri ilə söhbətində vəziyyətlərinin fənadan da fəna olduğunu dilə gətirdi. Hətta deyilənlərə və yazılanlara görə, Putin müharibənin müəyyən şərtlər daxilində dayandırılması üçün Ukrayna hakimiyyətinə müxtəlif kanallar vasitəsi ilə mesajlar göndərsə də, rədd cavabı alıb. Bu isə müharibənin uzanacağından və Rusiyaya daha on minlərlə əsgər cənazələri, yüz minlərlə yaralı göndəriləcəyindən xəbər verir. Görünür, vəziyyətin Rusiyanın parçalanmasına qədər gətirib çıxaracağından qorxuya düşən bir qrup rusiyalı deputat Ukraynadakı hərbi əməliyyatların tezliklə dayandırılması tələbi ilə prezident Vladimir Putinə müraciət ünvanlayıblar. Rusiyanın Kommunist Partiyasının təmsilçiləri olan deputatlar bildiriblər ki, müharibənin uzanması Rusiyada yetimlərin sayının artmasına gətirib çıxaracaq. Bu barədə regional parlamentin iclasında deputat Leonid Vasyukeviç deyib: “Rusiya ordusu müharibədə əhəmiyyətli hərbi uğur qazana bilməyəcək. Bununla belə biz ciddi itkilər veririk. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, Rusiyada yetim qalan uşaqların sayı daha da çox olacaq”.

Bir neçə yüz ildir ki, imperiya siyasəti ilə az qala dünyada hegemonluq edən Rusiya artıq çökməkdədir. Daha doğrusu, Vladimir Vladimiroviç Putin Rusiyanı dağılmaq astanasına çıxarıb. Bu gün dünyada elə bir insan olmaz ki, Putini lənətləməsin, təhqir və söyüş obyektinə çevirməsin. Səbəb yalnız Ukraynanı dağıtması və milyonlarla insanın həyatını məhv etməsi deyil. Həm də Putinin, onun qurduğu hakim rejimin insanlığa düşmən kəsilməsi, Suriyada, Liviyada, Əfqanıstanda, Gürcüstanda, Moldavada və digər bu kimi onlarla ölkəyə müdaxilə edərək, insanları kütləvi şəkildə qətlə yetirməsi, şəhərləri viran qoymasıdır. Təbii ki, belə siyasət bir gün ölkənin başında çatlamalı idi, göründüyü kimi də, artıq məqam yetişib, Rusiya başqa ölkələrə törətdiyi fəlakətləri yaşamaqdadır.

“Mimino” filminin baş rol ifaçısı, tanınmış gürcü müğənni Vaxtanq Kikabidze Rusiya Prezidenti Vladimir Putini yaramaz adam adlandırıb. Bidirib ki, Putin Ukrayna müharibəsi ilə özü və ətrafı ilə yanaşı, Rusiyanı da məhv edəcək: “Bütün murdarlıqlar cəzasını almalıdır. Putin Ukrayna müharibəsindən sonra geri qayıda bilməyəcək. Putin soyadı artıq söyüş ifadə edir. Gələcəkdə dərsliklərdə bununla bağlı məlumat yer alacaq. Deyərdim ki, Putin çox yaramaz adamdır. Gürcücə desək, daha kobud ifadə alınar. Sanki elə davranır, bütün dünya ona nifrət etsin. Hitler, Stalin kimi tarixə düşmək istəyir. Putin yox edilməlidir. Kremldə başqa şəxslər düşünməlidir ki, müharibəni necə dayandırmaq olar. Bu murdarlığa son qoyulmalıdır”.

Siyasi təhlilçilərin fikirlərinə əsaslansaq, Rusiya hələ ötən əsrin əvvəllərində dağılmalı idi. Sadəcə, parçalanma prosesi bir qədər yubanıb. Məşhur Amerika siyasətçisi və politoloqu Zbiqnev Bjezinski 1982-ci ildə hazırladığı “NATO-nun Şərqə doğru genişləndirilməsi” planında sovet monstrının 22 dövlətə parçalanması məsələsi qoyulurdu. Proqnozlar özünü doğrultdu və SSRİ milli və iqtisadi faktorlar əsasında müstəqil dövlətlərə parçalandı. Məşhur politoloq 1986-cı ildə qələmə aldığı “Oyunun planı” kitabında isə qeyd edir ki, Rusiya - hər cəhətdən iflasa uğramış ölkədir və yaxın illərdə xaos, dilənçilik və fasiləsiz etnik münaqişələr içində itib-batacaqdır: “Rusiya öz həyatında heç bir geosiyasi seçimə malik olmayan “qara deşik”dir, çünki söhbət yalnız mahiyyətcə onun fiziki cəhətdən mövcud olub-olmamasından gedir. Rusiyanı mütləq hissələrə bölmək lazımdır, bu zaman o, Rusiyanın Avropa hissəsini, Sibir respublikasını və Uzaq Şərq respublikasını birləşdirən konfederasiyadan ibarət olacaqdır ki, onlardan hər biri üçün ayrılıqda Avropa ilə, yeni Mərkəzi Asiya dövlətləri ilə və Şərqlə sıx iqtisadi əlaqələr qurmaq daha asan olacaqdır”.

Bir sözlə, qəddarlığı və vəhşiliyi ilə seçilən Rusiya süquta doğru sürətlə irəliləyir. Yəqin ki, çox yaxın vaxtlarda bu caynaqlı şimal ayısı demokratik dünyanın birgə mübarizəsi ilə məhv olacaq. Bununla da, bir sıra sivil dövlətlər və tərəqqipərvər xalqlar rahat nəfəs alacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə