Ağıl paylananda görən Əli Kərimli harada olub?

  • Deyərəm və sübut da edərəm ki, əksər hallarda insanın başına nə bəla gəlirsə, ağılsızlığından və gözlənilənləri əvvəlcədən proqnozlaşdıra bilməməsindən gəlir. Düzdür, fəlakətlərdən və faciələrdən hər hansı bir bəşər övladı sığortalanmayıb. Hər bir kəs gözlənilmədən ağır tramva alar, sarsıntıya düçar olar və ya fəlakətlə üzləşə bilər. Bunun adı, deyərdim ki, Allahın yazdığı yazıdır. Bir də var ki, göz-görəsi özünü yanan ocağın üstünə atmasıdır. Misal üçün bir əliəyri insanın dükandan-bazardan oğurluq etməsini, başqa birisinin ona məxsus olmayanı ələ keçirməyə cəhd etməsini, digərinin tamahı səbəbindən dövlətə məxsuz əmlakı talan etməyə çalışmasını göstərmək olar. Əksər hallarda da bu kimi əməl sahibləri ifşa olunub, məşhər ayağına çəkiləndə deyirlər ki, “yazıq heç nədən güdaza getdi”. “Ağılı olmayıb, ağılsızlığının qurbanı oldu” deyib, özlərini çoxbilmiş kimi göstərənlər də olur. Sonuncular bədahətən fikirlər söyləsələr də, haradasa haqlıdırlar. Həqiqətən də yuxarıda qeyd etdiyim kimi, insanın başına nə bəla gəlirsə, ağılsızlığından gəlir. Həm də insan hər ağılına gələni danışmamalıdır. Amma bir də görürsən ki, məclisin şirin yerində bir insan özünü dərin biliyə malik savadlı şəxs olaraq göstərmək üçün yersiz fikirlər söyləyir, hətta təkliflər irəli sürür. Nəticədə pıchapıç başlayır, təklif və fikir söyləyəni qınayan, lağa qoyanlar olur ki, bu da bəzən məclisdə ciddi qalmaqallar yaradır, dava-dalaşa səbəb olur. Belə hallarda deyirlər ki, heç təklifin yeridir. Bu baxımdandır ki, Platon deyirdi ki, “Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar”.

    Çox təəssüflər olsun ki, bu gün əksər cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da yersiz fikir və təklif irəli sürənlərin sayı kifayət qədər çoxdur. Sosial şəbəkələrə nəzər yetirdikdə, bunu əyani şəkildə görmək olar. Siyasi arenada boş-boşuna var-gəl edən “siyasətçi”lər də var ki, vaxtaşırı ideyalar irəli sürür, təkliflər səsləndirirlər, populistlik etməklə ən azı mətbuatın diqqətini özünə cəlb etməyə çalışan siyasi partiya sədrləri də mövcuddur. Belələri arasında AXCP sədri Əli Kərimli diribaşlığı və fəndgirliyi ilə digərlərindən daha çox seçilir. Bu məxluq heç bir yerdə işləmədiyi halda, böyük maliyyə imkanlarına malikdir. Bağı, bağatı, evi, maşını, eləcə də mühafizəçiləri də var. Nəyin hesabına? Təbii ki, maddi təminatı bicliyi, fəndgirliyi, yerli və xarici məkrli dairələri öz yalan-palanları, boş vədləri ilə aldatması ilə əldə edib. 60 yaşını haqlayan bu biçarə Azərbaycan dövlətinə, cəmiyyətinə altmış qəpiklik xeyir vermədiyi halda, altmış milyonluq iddialar irəli sürür, təklif və ideyalar səsləndirir. Aradabir küçələrə çıxıb, insanları qarşıdurmalara, iğtişaşlara qızışdırır. İndi də məlum olur ki, bu məxluq “5- ci kolon” deyilən pozucu qüvvələrin ideoloquna çevrilməklə onları müəyyən təxribatlar törətməyə, Azərbaycan haqqında şər və böhtan xarakterli informasiyalar yaymağa məcbur edir. Məlumdur ki, son günlər fəallaşmış “5-ci kolon” fəalları ciddi cəhdlə Azərbaycanda insan hüquqlarının pozulduğu, guya ictimai fəallara basqıların təşkil olunduğu barədə məlumatlar yayırlar. Bu, bir faktdır ki, ABŞ-ın NED-National Endowment for Democracy fondu Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235 dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. ABŞ-ın NED-National Endowment for Democracy Fondu 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir.
    Hazırda həmin təcili qrant layihəsini icra edən “5-ci kolon” Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabardır, bu kimi bir neçə digər hadisəni də əhatə edərək guya Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər. Bəllidir ki, iyunun 10-12-də Bakıda Formula 1 yarışı start götürəcək. Hazırkı fəallıq, Aytən Məmmədova ilə bağlı baş verən hadisə, birdən-birə bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiyası, sonda isə hadisənin hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə gəlməsi, bunların nəticəsi olaraq həmin “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışın keçiriləcəyi günlərdə təşkil olunacaq anti-Azərbaycan kampaniyaya fakt-əsaslar formalaşdırmaq məqsədi güdür.
    Bir sözlə, görünən ondan ibarətdir ki, xarici maraqlı dairələrin əlaltısı rolunda çıxış edən AXCP sədri Ə.Kərimli ilə müəyyən iş birliyinə girən və ABŞ-ın NED-National Endowment for Democracy fondunun ayırdığı qəpik-quruşa həvəslənən “5-ci kolon” fəalları ölkəmiz haqqında beynəlxalq aləmdə əsassız dezinformasiyalar yaymağa çalışırlar. Təbii ki, belə hay-küyçülər zaman-zaman olub və budəfəki boşboğazlıq da dedi-qodudan başqa bir şey deyil.

    İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...