Hər gün yalan danışın – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Uzun zamandır ki, hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, adamlar yaman yalançı olubdur, heç kimə inanmaq olmur. Doğru buyururlar, cəmaətimiz son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə...

Bazarda 1 kq əvəzinə sənə 800 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm, öz həyətimdəndir” deyən arvada inanıb evdə köhnə lax yumurtanı yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.

Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, “şotda” sənə xeyli kələk gəlir, and-aman edir ki, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin yeməyi geri qaytara bilməzsən ki?

Ya da ki, bir dostundan kiçik bir miqdar pul istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı, Həzrət Abbas haqqı yoxumdur. Amma sabah eşidirsən ki sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. İndi yalan deyir deyə vurub onu öldürəkmi?

“Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən arvadın həyətində “stolovoy” zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun şəhərə süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get zibillikdən sellofan paketləri, plastik butulkaları yığ, sonra onu gətir ərit südə qat. Bəli, bu, tam bir əziyyətdir.

Düzdü, bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərlərib sağalmaz bəlalara giriftar eləyir, amma bu arvad cənnətə düşəcəyinə əmindir. Deyir ki, mən namaz qılıram, Həccə, Məşədə getmişəm, kasıb-kusuba əl tuturam- bəzən onlara nisyə də verirəm.

Bu arvadın dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, xalqı niyə zəhərləyirdin, cavab verəcək ki, bəs mən neyləyim, 250 manat pensiyanın 100 manatını kommunal xərclərə, 150 manatını da dərmanlara verib özüm acından ölüm? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər kəsin özünün müdafiə etmək, yaşamaq hüququ vardır. Beləliklə, də bu arvadı cənnətə salacaqlar.

Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün onun yanına gedənlərə düzgün müalicə yazsa, ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir xarici firmanın nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan hər birində yarısı sənindir, neyləyərsən? Necə? Razı olmazsan?! Get özüvə ala! Bizdə 3 tuzdur.

Məgər sənin uşaqların “iqruşka” əvəzinə inək peyini iə oynayır, yainki, arvadın toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qədeş! 300 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da, ailən acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!

Uzun sözün qısası, bizdə bu bəla yoluxucu xəstəlik kimi bir çox vətəndaşlarımızı giriftar eləyibdir. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki, bir boynuyoğun tülüngü səni öz yalan danışmaqla tikdirdiyi villasında eşşək kimi işlədib, axırda da pulunu verməyibdir.

Bir para adamlar deyirlər ki, burada obyektiv səbəblər də vardır. Nöşün ki, indi əvvəlki zamana deyil, adamların çörəyi daşdan çıxır, ona görə də yalançıları qınamayın.

Əmma mən bu kimi söhbətlərə heç inanmam. Nədən ki, əvvəla dünyada kasıblıq çəkən, müxtəlif növ bəlarara mübtəla olan xalq təkcə haman bu xalq deyil ki, bəs o birilər niyə belə həngamədən çıxmırlar?

Elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, o binəvalar məcburən bu cinayətdə bulunurlar, o tövrdə bəs bir para məmurlar, varlı cənablar, lap elə müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür?

Xeyr, qadası, elə dögül. Nöşün ki, burda məsələ başqadır. Belə aşikar olur ki, problem bunların başqa yerindədir. Bu cəmaətin içində ki, kimi dindirərsən deyir ki, mən Allah adamıyam ha, o saat bil ki, yalan deyir. Bu məxluqlar bir-birini aldadır, badalaq vurur, oğurluq edir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır.

Əşşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də yalan danışmağa görə kimisə rüsvayi-cahan eləmirlər. 5 günlük dünyadır, yeyin-için kef eləyin. Şəxsən həqir bəndəniz belə eləyir, hər gün yalan danışıram. Elə bu yazını da yalandan yazdım. Burada dediklərim bizim cəmiyyətdə olmur, ağzım... pardon, yəni, əlim öyrəşib, elə-belə bekarçılıqdan yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin. Yalan danışmaq elmi haqda əlavə suallarınız olsa, daim qulluğunuzdayam.

Bütün xəbərlər Facebook səhifəmizdə