Azərbaycanda dini radikalizm anlayışı rədd edilir

Bu kimi amillərin ayaq açıb yürüməməsi üçün dövlətimizin gücü və qüdrəti kifayət qədərdir

Bir çox xarici ölkələrdən fərqli olaraq Azərbaycan daim dini dözümlülük, dinlər və məzhəblərarası tolerantlıq nümunəsi kimi dünyada öncüllük təşkil edən dövlətlər sırasında yer alıb. Və bu, tarixən belə olub. Azərbaycan xalqı bütün dövrlərdə özünəməxsus qonaqpərvərliyi, müsafirlik ənənəsi ilə başqa xalqlara örnək olub. Təbii ki, bu, ilk növbədə xalqımızın böyüklüyünün, qəlb genişliyinin sırf göstəricisi kimi qiymətləndirilə bilər.

Xüsusilə, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra, ölkəmizdə sovet imperiyası zamanı qadağan olunmuş dini ayinlər, ibadətlər yenidən icra olunmağa başladı, məscidlər, kilsələr, sinaqoqlar azad və məhdidiyyətsiz fəaliyyətə keçdilər. Uzun illər gizli şəkildə keçirilən dini bayramlar, eləcə də dində vacib buyrulan əməllər artıq azad şəkildə tədbiq edildi ki, bu da inanclı kəsimin maraqlarına tamamilə cavab verməyə başladı. O cümlədən, məhz 1993-cü ildən sonra sözügedən istiqamətdə işlər daha proqressiv aparılmağa başladı, dini müsəlmanlar üçün mədrəsələr, eləcə də xristian, yəhudi icmaları üçün müvafiq bunalar tikildi, bununla da tolerantlıq faktoru növbəti dəfə özünü ən yüksək səviyyədə tərənnüm etdi. Bu istiqamətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev mövcud amilə hər zaman diqqətlə yanaşaraq, ölkənin inanclı kəsiminə - istər müsəlmanlara, istərsə də digər dinlərin təmsilçilərinə hər bir imkanı yaratdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir.

İraqda, Suriyada, Yəməndə, Liviyada və s. müsəlman ölkələrində baş verən savaşlar, kütləvi insan qırğınlarının hər birinin kökündə bu faktorun izləri dayanır

Lakin zaman ötdükcə, dünyada cərəyan edən siyasi-iqtisadi proseslər bir-birini tez-tez dəyişdikcə fürsətcil dairələr bu hadisələrdən öz çirkin məqsədləri üçün yararlanmağa başladılar və təəssüf ki, həmin məqsədlərin reallaşması üçün din amilindən sui-istifadə olunmağa başlanıldı. Məsələnin diqqətçəkici məqamlarından biri də budur ki, xüsusilə SSRİ süquta uğrayan vaxtlarda - post-sovet ölkələrində demokratiya, azadlıq anlayışı tam şəkildə qavranılmamış müxtəlif xarici dairələr din amilindən çirkin məqsədləri üçün yararlanıb, insanların mənəviyyatını zəhərləməyə başladılar. Belə ki, ümumiyyətlə bilinməyən "məzhəblər", sektalar, cəmiyyətlər xalqın işinə sızdırıldı, ənənəvi islam, ənənəvi xristianlıq kimi faktorları bu cür radikalizm baxışları əvəzlədi. Misal üçün, bu gün müsəlman ümmətində qəbul olunmuş beş bir-birini inkar etməyən qardaş məzhəblər kənara itələnərək, onun yerini vəhhabilik, sələfilik, təkfirçilik, xəvariclik kimi qeyri-ənənəvi sektalar tutmağa cəhd edir. Halbuki, həmin sektalar onlardan olmayanları "kafir" hesab edir, üstəlik qanlarının tökülməsini, ailə və mülklərinin əllərindən alınaraq mənimsənilməsini "halal" elan edirlər. Bu zaman belə bir sual yaranır – bəs bu cür qeyri-insani, müqəddəs Qurani-Kərim ayələrinə tamamilə zidd olan fətvaları kimlər hansı təlimatlar əsasında verirlər?

Sirr deyil ki, barış və əminamanlıq, yardımlaşma, qardaşlıq dini kimi tanınan islam yarandıqdan dərhal sonra həmin dövrlərdə oturuşmuş Qərb ölkələri bundan ciddi narahatlıq keçirməyə başlayıblar. Əgər tarixi faktları, dəlilləri araşdırsaq görərik ki, məhz "qoca qitə"nin o zamankı siyasi-dini icmaları islam ümməti arasında təfriqəçilik, ayrıseçkilik salmaqdan ötrü bugünkü vəhhabilik, sələfilik və s. kimi qondarma məzhəbrlərin yaranmasında rol almağa başladılar. Xüsusilə ərəb ölkələrinə emissarlar göndərib bir sıra insanları böyük vədlər hesabına bu işə cəlb ediblər. Nəticədə adıçəkilən "məzhəblərin" yaranmasına start verildi ki, artıq bu gün onlar müasir dünyamıza qədər gələrək insanlar arasında nifaq, təfriqə salmağa davam edirlər. Yəni bu gün İraqda, Suriyada, Yəməndə, Liviyada və s. müsəlman ölkələrində baş verən savaşlar, kütləvi insan qırğınlarının hər birinin kökündə bu faktorun izləri dayanır. Təəssüfedici olsa da qeyd etməliyik ki, bu cür mənfur addımların zaman-zaman Azərbaycana da müdaxilə edilməsi cəhdləri yaşanıb. Lakin dövlət belə ünsürərin qarşısını alaraq, qol-qanad açmalarına imkan verməyib.

Məhz bu kimi dar düşüncədə olan ünsürlər Azərbaycanda fəaliyyət göstərən bəzi məscidlərə, ibadətxanalara təsir imkanlarını göstərərək onlarla vətəndaşlarımızı qaniçən toplumun işinə daxil etməyə müyəssər olublar

Əslində ictimaiyyət son 5-6 ildə Suriyada, İraqda və s. ölkələrdə gedən müharibələr barədə informasiya saytlarından, sosial şəbəkələrdən kifayət qədər məlumatlanırlar. Radikal dinçilərin "Allahu əkbər" sədaları altında qandonduran edam səhnələri, insanlığa, mənəvi dəyərlərə sığmayan dırnaqrarası fətvaları, "seks cihadi" kimi çirkin əməllərə "islam" donu geyindirmələri, azyaşlı uşaqlara günahsız insanları edam etdirmələri, o cümlədən, ağılasığmaz edamlar həyata keçirmələri faktlar sırasındadır. Məhz bu kimi dar düşüncədə olan ünsürlər Azərbaycanda fəaliyyət göstərən bəzi məscidlərə, ibadətxanalara təsir imkanlarını göstərərək onlarla vətəndaşlarımızı qaniçən toplumun işinə daxil etməyə müyəssər olublar. Yəqin ki, "Suriyada azərbaycanlı öldürüldü" tipli başlıqlı xəbərlər də dəyərli oxucularımızın qarşısına çıxmamış deyil. Xarici ölkələrdə öz adlarını dəyişərək "əbu-filankəs" qoyan həmin ünsürlər İŞİD, Ən-Nüsra, Əl-Fəth, Ceyşül İslam və s. çoxsaylı terror qruplaşmalarına daxil olub, "Azəri camaatı" kimi təqdim olunublar. Bu gün Azərbaycan məhkəmələrində onların bir çoxlarının terrorçuluq fəaliyyətləri sübuta yetrilir. Əgər onların qarşısı alınmasaydı, onlar ifşa edilməzdilərsə, sabah terror planları hazırlayıb vətəndaşlarımızın qanını tökəcəkdilər.

Bu, vəhşilik və qeyri-humanizmdən başqa bir şey deyil

Digər təəssüfdoğuran məsələlərdən biri də belələrinin hətta öz ailə-uşaqlarını özləri ilə aparmalarıdır. Hətta elə hallara da rast gəlinib ki, ya ata, ya da ana öz həyat yoldaşının onun dini baxışlarını dəstəkləmədiyinə görə, öz ailəsindən ayrılıb və uşaqlarını götürüb Suriyaya, İraqa aparıb. Bəli, bu kimi radikalizm islamda buyrulan müqəddəs ailə amilini də heç sayır, ailələr dağılır, heç nə anlamayan azyaşlı övladlar öz atalarından, analarından, əzizlərindən ayrı düşür, tanımadıqları yad ölkələrdə, müharibələrdə, od –alov içində psixiki təzyiqlərə məruz qalırlar. Və söz yox ki, buna heç vaxt islam demək olmaz! Bu, vəhşilik və qeyri-humanizmdən başqa bir şey deyil.

Artıq radikal dinçilər nəninki post-sovet məkanlarında, eləcə də onların yaranmasında səy göstərmiş Qərb ölkələrində terrorlar törədir, insanları qətil edirlər. Təkcə son üç ildə ABŞ-da, Fransada, Almaniyada, Belçikada və s. ölkələrdə onlarla terror hadisələri törədilib ki, onların hər birini radikal dini qruplaşmalar öz üzərlərinə götürüblər. Yəni reallıqlar da bunu göstərir.

Radikal islamçılarla yanaşı, "Yahova şahidləri", "Beşgünçülər"...

Bu gün radikal islamçılarla birgə, "Yahova şahidləri", Beşgünçülər (pyatidnevniki) və s. qeyri-ənənəvi xristian "məzhəbləri" (qeyd edək ki, onlara görə hərbi xidmətə getmək, hətta həyatına, ailəsinə təhlükə törədən düşməni öldürmək yasaqdır-R.N.), də ölkəmizdə fəaliyyət göstərəməyə cəhdlər edir, ölkəmizdəki tolerantlıq faktorundan öz məqsədləri üçlün yararlanmağa çalışırlar.

Ancaq hər şeyə rəğmən, güclü və qüdrətli Azərbaycan dövləti bu cür halların qarşısını almaqdan ötrü kifayət qədər ciddi, önləyici tədbirlər görür, insanların mənəviyyatını zəhərləyə biləcək istənilən addımın qarşısını zamanında alınır.

Türkiyəyə qaçan və adını dəyişərək Əbu Əyman qoyan adam kimdir?

Yeri gəlmişkən, artıq bir neçə müddətdir ki, İçərişəhərdə fəaliyyət göstərən tarixi "Aşurbəy" məscidində toplaşan icma daxilində vəhhabilik təsirinə düşmüş insanlara qarşı müvafiq tədbirlər görülüb. Qeyd edək ki, onlar sözdə özlərini islam və sünnə davamçıları kimi göstərsələr də, barələrində Suriya və İraqda döyüşən adamlara dəstək göstərmələri haqqında çoxsaylı fikirlər mövcuddur. Artıq tarixi məscid təmirə bağlanıb və orada dövlət tərəfindən bərpa işləri aparıldıqdan sonra yenidən normal şəkildə fəaliyyətə başlayacaq.

Qobustan qəsəbəsində yerləşən və daha çox radikal sələfilərin toplaşdığı məscid kimi tanınan ibadət evi də araşdırılıb və qənaətə gəlinib ki, oradakılar vəhabi təriqətinə qulluq edən insanların xidmətində olub. Qobustan məscidində ibadətlə məşğul olan şəxslərdən bəzilərinin Suriyaya gedərək orada İŞİD-ə qoşulan camaatdan olduqları bəlli olduqdan sonra məsələ müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülüb. Əsas fakt isə budur ki, Suriyada terorr qruplaşmaları daxilində yer alan azərbaycanlıların əsas ideoloqu olan və 9 il Azərbaycanda həbs həyatı yaşayan Hacıbala adlı şəxs də Azərbaycandakı tərəfdarlarına müraciəti edərək bildirmişdi ki, Azərbaycandakı "Ləzgi" (Aşurbəy) və "Qobustan" məscidindən başqa bütün məscidlər şeytan evidir. Bu şəxs hazırda Türkiyədə yaşayır. O, öz adını dəyişərək Əbu Əyman qoyub və insanları terror təşkilatlarına cəlb etməklə məşğuldur.

Mübariz Qurbanlı: "Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir"

Qeyd edək ki, Azərbaycanda hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görülməsi, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı da bir neçə dəfə öz çıxışlarında bəyan edib.

Bu taxınlarda Dövlət Komitəsinin yerlərdə keçidiyi tədbirlərdə də bu mövzu ətrafında əhəmiyyətli tədbirləri keçirilib. Tədbirlərdə çıxış edən Münariz Qurbanlı deyib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qarşıda duran ən vacib vəzifələrdən biridir: "Amma heç bir ailə sığortalanmayıb ki, onun övladı dini radikalizmin təsirinə düşə bilməz. Bunu bizim sifarişimizlə çəkilən "Fitnə" filmində övladı Suriyada döyüşən və həlak olan valideynlərin timsalında görmək olar. Onların çoxu möhkəm təməlli ailələrdir, amma övladları dini radikalizmin qurbanı olub".

O deyib ki, Azərbaycanda hər yerdə dini radikalizmə qarşı mübarizə aparılmalıdır: "Dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə diqqət və qayğısı həmişə ön planda olub. Bu yaxınlarda prezidentimiz dini icmalara xeyli vəsait ayırdı, bunun özü dövlətin dinə böyük himayəsidir".

Qurbanlının sözlərinə görə, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub: "Bu istiqamətlərdən birincisi ideoloji mübarizədir. Radikal dini qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Ona görə də ideoloji baxımdan ciddi mübarizə aparılmalıdır".

Komitə sədri eyni zamanda bildirib ki, dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir: "Dini radikalizmə qarşı mübarizədə üçüncü istiqamət iqtisadi sahədə olan mübarizədir. Biz imkan verməməliyik ki, bu cür insanlar pul vəsaiti əldə edib, özünü varlı kimi cəmiyyətə nümunə göstərsin. Onlara imkan verilməməlidir ki, maliyyə vəsaiti əldə etsinlər və ondan gəncləri öz təsirləri altına almaq üçün istifadə etsinlər. Biz bütün cəmiyyətin gücünü səfərbər edib, bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməliyik. Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdır".

Göründüyü kimi, dövlət radikalizmə, dağıdıcılığa, xarici ölkələrin sifarişləri ilə hazırlanan və din pərdəsi ilə ört-badsır edilən istənilən arzuolunmaz hallara qarşı müvafiq, yeri gələndə isə sərt addımını atır. Çünki burada dayanan əsas məqsədlərdən biri də Azərbaycanın bundan sonra da dünyada tolerant ölkə imicini qoruyub-saxlaması, vətəndaşlarının isə dini-mənəvi dəyərlərinin normal məcrada inkişaf etməsidir. Və istənilən dini radikalizn təbliğinin qarşısının alınması üçün dövlətimizin gücü və qüdrəti kifayət qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə