Bəlli olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gözlənilən rəsmi səfəri qardaş ölkədə baş verən iki qanlı terror hadisəsi nəticəsində təxirə salındı. Söz yox ki, qonşu və dost ölkədə baş verən bu acı olaylar xalqımızı da sarsıtdı. İlk növbədə, sarsılmaz qardaşlıq bağlarına zərbə vurmaq məqsədi daşıyan terror hadisəsi məhz Azərbaycanın dövlət və ölkə rəhbərliyi tərəfindən sərt şəkildə qınanıldı.
Müdriklik və qətiyyət xarizması
Lakin bu qardaşlıq bağlarını heç bir qara qüvvə, heç bir çirkin məqsəd poza bilməzdi və bunu Prezident İlham Əliyev Öz müdriklik jesti ilə bir daha sübut etdi. Onun Türkiyəyə növbədənkənar və rəsmi səfər etməsi əslində, sarsılmaz bilriyimizə qısqanc nəzərlərlə baxan bəzi dünya güclərinə verilən bir mesaj idi. Bu baxmdan, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin belə bir məqamında Ankaraya səfər addımı təqdirəlayiq və müdrik olması ilə yanaşı, həm də qətiyyət xarizmasının göstəricisidir.
Təbii ki, bu faktorun arxasında dayanan daha bir amil Türkiyə ilə Azərbaycan arasndakı tarixi bağların, dərin köklərin birləşməsidir. Ulu Öndər Heydər Əliyevin məşhur bir millət iki dövlət kəlamı tarixən Türkiyə ilə Azərbaycanın istər ağır gündə, istərsə də xoş gündə bir-birilərinin yanında olmaları kontestində anlaşılır və qiymətləndirilir. Digər tərəfdən, böyük Türk dünyasının ölməz lideri Mustafa Kamal Atatürk də zamanında "Azərbaycanın dərdi Türkiyənin dərdi, sevinci Türkiyənin sevincidir" kimi tarixi kəlamı ilə bu qardaşlıq amilinin altından silinməz xətt cızmışdı. Ona görə də Prezident İlham Əliyevin bu səfərinin dünyaya, xüsusən də Azərbaycan-Türkiyə yaxınlığından narahat olan qüvvələrə bir mesaj olduğunu əminliklə ifadə etmək mümkündür. Daha dəqiq desək, heç bir əngəllərə baxmayaraq, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası baş tutdu və iki ölkə arasında çox mühüm sənədlər imzalandı, bəyanatlar verildi. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz daim Türkiyənin yanındadır: "Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır".
Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində vurğulayıb ki, Türkiyə Azərbaycanın sadiq dostluq və qardaşlıq addımlarını heç vaxt unutmayacaq. Beləlkilə, hər iki ölkə prezidenti tərəfindən sənədlərə atılan imzalar isə əslində, bizi istəməyən qüvvələrə tərəf vurulan ölümcül zərbə effektini verdi! Kifayət qədər sübut olundu ki, Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq əsla mümkün deyil! Çünki Azərbaycanla Türkiyə həmişə bir-birinin yanında olub və bundan sonra da belə olacaq.
Tarix təkrarlanır – Prezident İlham Əliyev, Praqa sammiti, 2014-cü il: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam"
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu möhtəşəm jesti ilk dəfə deyil ki, dünya birliyinə mesaj verib. Məsələn xatırlatmaq yerinə düşərdi ki, hələ 2014-cü ildə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitində ölkə rəhbərimiz dünyanın siyasi arealında söz sahibi olduğunu, o cümlədən, qardaş Türkiyənin təəssübünü çəkdiyini Ermənistan prezidenti Serj Sarkisyanın üzünə sərt sillə təki çırpmaqla isbatlamışdı.
Azərbaycan dövlət başçısı əli azərbaycanlıların qanına bulaşmış cinayətkar Sərkisyanın qondarma "erməni soyqırımı" ilə əlaqədar Türkiyənin əleyhinə səsləndirdiyi fikirlərə olduqca təmkini, eləcə də kəskin olaraq belə cavab vermişdi. Sitat: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".
Göründüyü kimi, Prezident İlham Əliyevin cavabı nökər Ermənistan və onun ağalarına Türkiyə-Azərbaycan əlaqələrinin hansı formada olması mesajı idisə, bu həm də ermənilərin əsl xislətinin dünya ictimaiyyətinə təqdimatı idi. Dövlət başçısı qısa, lakin açıqlaması böyük mövzu yaratmış cavabı ilə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını ifşa etdi. Demək, bu gün bütün dünya birliyi görür və anlayır ki, əgər Türkiyə yoxdursa, Azərbaycan var, Azərbaycan yoxdursa, Türkiyə var! Yəni bu, ikidə təklik deməkdir, birlik, qardaşlıq nümunəsidir. İlham Əliyev məhz bu mənada Türkiyə və Azərbaycan əlaqələrinin qırılmaz bağla biri-birinə cilalandığını daim diqqətə çatdırmaqdadır.
Nəticədə isə belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradə nümayiş etdirərək təşəbbüs qaldırması və Türkiyəyə səfər etməsi, çox yüksək səviyyədə görüş keçirməsi ölkəmizin hər yerdə sülhün, demokratiyanın, tərəqqinin və bəşəri dəyərlərin tərəfində olduğunu da sərgiləmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB