Məsələn, bir fakta nəzər salaq. Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovla Rusiya Müdafiə Nazirliyi arasında narazılıq yaranıb. Nə üçün? Çünki Volkov düz söz danışıb. Düz söz danışdıqda qarşındakı əsəbləşirsə, narazılıq edirsə, ta dağa, arana getmək lazım deyil, bunun bir mənası var, o da düz sözün dağ çəkməsi, yandırmasıdır.

Nə deyib Andrey Volkov? Azərbaycan toponimləri ilə bağlı jurnalistlərə verdiyi açıqlamada “Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir”,-deyib.

Bu fikirlər isə Rusiya yuxarı komandanlığının ciddi narazılığına səbəb olub. Adıçəkilən qurum nə üçün narahatdır? Çünki Volkov düz danışıb. Onu qınamaqda heç kim haqlı ola bilməz. Çünki onun da bir insan, bir ziyalı, vəzifə sahibi kimi düz danışmağa haqqı var. Birincisi, ona görə düz danışır ki, ortalıqda böyük bir həqiqət var. İkincisi, ona görə düz danışır ki, ən azından aylardır, sülhməramlı kontingentin komandanıdır, Azərbaycan həqiqətlərini gözü ilə görür, bütün bunlar isə onun düz danışması ilə nəticələnir.

Kiminsə narazılığının, əsəbləşməyinin bizə zərrə qədər dəxli yoxdur. Lakin bu narazılıq və əsəbləşməyin arxasında nələrin dayandığı maraqlıdır. Bu da deyərdim ki, marağıni itirib. Çünki düz söz dağ çəkər, misalı hər şey göz önündədir.

Söylənən digər bir düz sözdən də bəhs edək. Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdiyi aksiya zamanı maraqlı hadisə baş verib. Ərazidə xidmət aparan sülhməramlı azərbaycanlı fəalla söhbət edərkən “Qarabağın Azərbaycana məxsus olduğunu bildirib və Qarabağ Azərbaycandır, inşallah”,- deyib.

Qarabağın Azərbaycanın olduğu əsrlərin süzgəcindən süzülüb gələn, tarixi faktlarla özünü təsdiqləyən bir reallıqdır. Bunu hər birimiz bilirik. Qarabağdakı toponim adlarının illərlə ermənilər tərəfindən dəyişdirilərək qondarma adlar qoyulduğu da hər kəsə məlumdur. Lakin bütün bu gerçəkliklər fonunda bir neçə gün ərzində həm sülhməramlı kontingentin komandanının, həm də sıravi sülhməramlının böyük cəsarətlə bu həqiqətləri izhar etmələri, sözün həqiqi mənasında, böyük cəsarətdir, hələ də həqiqətləri deməkdən çəkinməyən insanların var olduğunu göstərən amildir.

Volkovun açıqlaması yuxarı dairələrdə heç də yaxşı qarşılanmadı. Bəs sülhməramlının “Qarabağ Azərbaycandır!” söyləməsi görəsən necə qarşılandı? Heç ola bilməz ki, istər komandan olsun, istər də sülhməramlı, bu açıqlama və sözlərlə görə cavab verməli olacaqlarını bilməyələr. Lakin şükürlər olsun ki, bu yalan dünyada bütün bunları bilə-bilə düz söz söyləyənlər hələ də var.

İnşallah ki, bu cür düz söz danışanların sayı gündən-günə artar. Ermənilərin illərlə yaratdıqları mifalogiyanı söküb darmadağın edər. Onsuz da nüfuzlarını hər gün bir az da itirməkdə olan ermənilər üçün də bu açıqlamalar ürəkaçan olmasa da, ümidvarıq ki, belə düz sözlər onlara yaxşıca dağ çəkir.

Deyirlər, dil çaşar, düzün söylər.. Çünki düz elə bir amildir ki, öz doğruluğunu istər-istəməz ortaya çıxarır. Elə iki il öncə bunun da şahidi olduq. Paşinyanın özündən asılı olmayaraq “Qarabağ Azərbaycandır” ifadəsini səsləndirməsi onun sübutu idi ki, doğru olan budur. “Qarabağ Ermənistandır” deməyi nə qədər beyninə yeritsə də, ağzından çıxan söz şüuraltında artıq özünə çoxdan yer tapan həqiqət idi.

Beləliklə, Azərbaycan tarixin bütün dövrlərində regionda sabitliyin, sülhün tərəfində olan, qonşuluğundakı dövlətlərlə mehriban şəraitdə yaşayan, ən əsası isə, necə deyərlər, qonşu malında gözü olmayan, toxgöz bir xalqdır. Tarix sübut edir ki, bu xalq zadəganlıq nümunəsi olmuş, süfrəsinin başında çox acların çörəyi olmuşdur.

Elə bu ali keyfiyyətlərinə görə də regionda həmişə öz çəkisini, hörmətini qoruyub saxlaya bilmişdir. Lakin çox təəssüflər olsun ki, bu cür gözəl ölkənin “alnına” erməni adlı qonşuluqdan kənar olmuşlarla qonşuluq yazılıb. Və bu alın yazısı ilə də illərdir ki, Azərbaycan mücadilə aparır. Lakin biz həmişə doğru yolda, həqiqət carçıları olmuşuq. Elə haqqımızda danışılan düz sözlərin hər biri də kimlərəsə dağ çəkməklə yanaşı, digər tərəfdən də həqiqətlərimizi izhar edir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə