Sosial şəbəkələr qohumları da bir-birinə düşmən edə bilir KÖŞƏ
Müasir dövrdə informasiya-texnalogiyaları sahəsində çox möhtəşəm uğurlara, nailiyyətlərə imza atılılıb. Bu inkişaf dünya ölkələrini bir -birinə yaxınlaşdırmaqla yanaşı, insanları da dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bir-birinə yaxınlaşdırıb. Elə şəxslər olur ki, Yaponiya, Malayziya, Hindistan, ABŞ, Argentina və bu kimi digər uzaq ölkə vətəndaşları ilə sosial şəbəkə üzərindən əlaqələr saxlayır, dostlaşır və yaxın sirdaş əlaqələri yaradırlar. Sonrakı mərhələdə sosial şəbəkə dostları bir-birinə qonaq gedir, ailəvi münasibətlər qurur, bir-birinə qız verib, qız alırlar. Misal olaraq, məhşur kino ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə qurmasını göstərmək olar. Cütlüyün valideynləri sosial şəbəkə üzərindən dostlaşıb, əlaqələr yaradıb və sonrakı mərhələdə bu dosluq övladlarının nişanlanması və evlənmələri ilə daha da möhkəmlənib. Yəni sosial şəbəkələr bəzi yaxşı cəhətləri ilə diqqətəlayiqdir. Ancaq çox təəssüflər olsun ki, bəzi sosial şəbəkə istifadəçiləri var ki, ağlına deyil, ağzına gələni yazır, statuslar, videolar paylaşırlar. Bəzən xalqını sevən, dövlətinə bağlı olan insanlar hədəfə alınır, tənqid və təhqir edirlər. Bu baxımdan, sosial şəbəkələr sanki bir nəzarətsiz zonaya çevrilib. Hətta elə hallar olur ki, formalaşmış çoxüzvlü qrup hədəfə alınan şəxsin yaxınlarını da söyməkdən çəkinmirlər. Vay o məqama ki, söyüş söyən sosial şəbəkə istifadəçisinə adekvat cavab verəsən, dərhal çoxüzvlü qrup geniş şəkildə hay-küy qaldırıb, söyüş ritorikalarını genişləndirirlər. Nəticədə, təhqir olunan, hədəfə alınan şəxsin sağlamlığına, yaşam tərzində ciddi fəsadlar yaranır.
Bir sözlə, vəziyyət o dərəcədə kritik xarakter alıb ki, insanlar söz duelini, müəyyən hadisələri sosial şəbəkə üzərindən qururlar. Əsasən, gənclər daha çox sosial şəbəkələrdə vaxt keçirirlər. Bu baxımdan demək olar ki, əksər valideynlər övladlarına nəzarət funksiyasını da itirirlər. Elə hallar olur ki, valideynlər gecə yuxusunda olduqları məqamda gənclər sosial şəbəkələrdə vur-çatlasında olurlar. Səhər də məktəbə və ya universitetə vaxtında getmələrində ciddi problemlər yaranır. O gün küçəmizdə qonşunun öz-özünə gileyini eşitdim, salam verib hal-əhval tutarkən “bu internet-filanı çıxaranları görüm bəlaya düçar olsunlar” deyə bildirincə, maraqlandım, sualımı gözləmədən - məni qınayanı görüm mənim günümə düşsün. - Qonşu nə baş verib- sualını edincə- nə olacaq ki, uşaqlar kənddə babalarının yanına getmək istəmirlər. Atam da elə bilir ki, mən bilərəkdən nəvələrini onunla görüşdürmək istəmirəm- əsəbi halda cavab verdi. -Uşaqlar niyə kənddə getmək istəmirlər-sualını edincə, əsəbindən qızarmış üzünü mənə tutub dedi: Kənddə internet yoxdu. Sosial şəbəkə deyilən zəhrimardan uşaqlar istifadə edə bilməyəcəklər. Ona görə də, kəndə, babalarının yanına getməkdən imtina edirlər.
Qonşum sözlərinə ara verib, bu dəfə mənə sual etdi: - Sizin uşaqlar necə, kəndə gedirlərmi? Köks ötürüb, qayğılı halda cavab verdim: Bizim uşaqlar da kənddə internet olmadığı üçün o gözəl yerlərə getmirlər- deyib, əsəbi qonşumu sakitləşdirməyə çalışdım.
Qonşudan aralanarkən yadıma bir əhavalat düşdü. Deməli, bir şahın heç xoşlamadığı vəzir, vəkili və xəzinədarı vardı. Onlardan canını qurtarmaq üçün bəhanələr axarırdı. Bir gün əhalini meydana toplayır və meydanın ortasına, bir keçini buraxıb, vəzirinə üzünü tutub, deyir- Vəzir, bu ortalıqdakı heyvanın adı nədir? Əgər səhv desən, boynunu vurduracam. Vəzir tövrünü pozmadan deyir, - Şah sağ olsun, keçi. Şah cəllada - yalan dedi, bunun boynunu vurun! Sonra da vəkilini çağırıb, ona da eyni sualı edir. Vəkil titrək səslə, - Şah sağ olsun, qoyun - deyə cavab verir. Şah onun da yalan dediyini bildirib boynunu vurdurur. Xəzinədarı çağırıb ona da sual edir, meydanın ortasındakı heyvanın adını soruşur. Xəzinədar dünyanın hər üzünü, gəlişini, gedişini görmüş savadlı insanlardan olur. Bir şaha, bir meydanın ətrafına toplaşıb şahın şousuna tamaşa edən insanlara, bir də meydanın ortasındakı keçiyə baxıb deyir: - Şah sağ olsun, meydanın ortasındakı nə keçidir, nə qoyundu, heç dana da deyil, o bir Allahın bəlasıdır ki, keçib, bizim boğazımıza.
Bəli, həqiqət ondan ibarətdir ki, bu sosial şəbəkələr deyilən, bəla keçib bizim boğazımıza. Kimisi canını, malını, ailəsini qoruya bilir, kimisi də zəif və iradəsiz olduğundan hər şeyini itirir. Ancaq calışmalıyıq ki, mal-mülk gəldi-gedərdi, insanlığımızı itirməyək.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB