Azərbaycan Dəmir Yolları QSC- dən incimişəm KÖŞƏ

Azərbaycan Dəmir Yolları QSC-də baş verən ədalətsizliyə, haqsızlığa, başlıcası sərnişinlərə qarşı hörmətsizliyə görə, yazının başlığına – ADY ilə düşmən oldum- çıxara bilərdim. Ancaq özlərindən razı və müştəbeh olan bu qurumun başbilənləri ironiya ilə atmaca ata bilərlər ki, “sən kim, biz kim, sənin pulun yox, yuxarılarda da kı, adamın yox, sənin kimilər bizə Türk arkadaşlarımız demişkən yabançı olamaz”. Təbii ki, haqlı olduqlarından susmalı olacağam... Əgər başlığa çıxartsaydım ki, -Azərbaycan Dəmir Yolları QSC ilə əlaqələri kəsirəm, bir daha onların xidmətlərindən istifadə etməyəcəyəm- bu, daha fəna ola bilərdi. Deyərdilər ki, “Ay İlham, sən ki, şəxsi mülkiyyətimizin bir hissəsinə çevrilən qatarlarımıza minib evindən işinə gedib-gəlməsən dünya başımıza uçmayacaq ki, bəbəyimiz aydın”. Söz yox ki, onların ürəyuncə olsa da, məni qane edə bilməz. Çünki marşrut avtobuslarında vəziyyət elə, Bakı-Xırdalan- Sumaqayıt sürət qatarlarındakından daha ağır və rüsvayçıdır. Sıxlıq və natəmizlik bir yana qalsın, marşrut avtobuslarında kecikmələr adi hala çevrilib. Özləri mətbuat xidmətinin rəhbərinin dilindən utanıb, çəkinmədən deyirlər ki, gün ərzində 550-600 avtobusda gecikmələr olur. Həm də mənim kimi fağır adamlar marşrut avtobusları ilə evdən işə gedib-gəlmələri üçün, iki, bəzən üç marşrut dəyişməlidir. Bu da həm boş cibə, həm də vaxta ziyandır. Əlqərəz, istəsək də, istəməsək də sürət qatarı deyilən arabadan istifadə etməliyəm. Nə isə...

Bu qurumdan inciməyimin səbəbinə gəlincə isə, məsələ qəliz olduğu qədər mürəkkəbdir. Əsas problem Azərbaycan Dəmir Yolları QSC əməkdaşlarının az qala üzərlərinə düşən vəzifəni yerinə yetirməmələridir. Sadəcə, hər kəs öz işini yola verir. Hansısa əməkdaşa yaxınlaşıb, söz soruşsan və ya hansısa problemin həllinə yardımçı olmalarını istəsən peşman olarsan. İnciməyimin birinci səbəbi bu məsələdir. İkincisi, Bakı-Xırdalan-Sumqayıt qatarlarında 40 nəfər üçün nəzərdə tutulan vaqonda 100-120 nəfər sərnişin olur ki, bu da yolverilməzdir və mənim inciməyimə əsas olan səbəblərdəndir. Üçüncüsü, insanlar sıxlıqdan əziyyət çəkir, ayağım əzildi, pencəyim çırpıldı, nəfəsim kəsildi dedikləri halda hansısa məxluq qiyafəsində olan sərnişin papağını, çantasını və ya ərzaq bağlamasını digər oturacağın üstünə qoyub, heç nə etməmiş kimi, sağına-soluna baxıb irişir. Vaqondakı nəzarətçilərin, bu kimi xoşagəlməz halların aradan qaldırmasında təsəbbüskar olmamaları mənim xətrimə dəyir. Dəfələrlə şahidi olmuşam ki, məxluq qiyafəsində olan pota bir oğlan əyləşdiyi oturacağın önündəki oturacağa papağını qoyub, əda ilə də bağırır ki, pulunu ödədiyim üçün heç kim burada otura bilməz. Açığı sadə, fağır azərbaycanlılar da bu pota oğlanın və buna bənzər digər məxluqatların əndazəni aşan hərəkətlərinə cavab verib, özlərini dava-dalaşa salmaq istəmirlər. Dava-dalaş ki oldu, vay sənin halına. Polis başının üstünü kəsdirib, səni vaqona minməyinə peşman edəcək. Ona görə də, hər kəs pota oğlansayağı davranış nümayiş etdirənlərə susqunluq göstərirlər. Ancaq dəfələrlə hiss etmişəm ki, sərnişinlərin əksəriyyəti həmin potanı söyürlər, təəssüf ki, ürəklərində. Dünən isə bir maraqlı hadisənin şahidi oldum. Yenə də bir boylu-buxunlu, yekəpər bir pota oğlan əyləşdiyi oturacağın yanındakı oturacağa çantasını qoyub nümayiş etdirirdi ki, burada kimsə cəsarət edib otura bilməz. Amma bir xanım (sonradan öyrəndim ki, müəllimdir) böyük qəhrəmanlıq nümayiş etdirərək, çantanı götürüb oğlanın üstünə atdı və oturdu həmin yerdə. İnanın ayaq üstündə bu vəziyyəti seyr edən insanlar gurultulu əl çaldılar, müəllimə alqışlar yağdırdılar. O zaman ürəyimdən keçirdim ki, görən elə bir dönəm gələ biləcəkmi, müəllimin cəsarətinə oxşar qəhrəmanlıqlar göstərməyə ehtiyac olmayacaq?! Ya sərnişinlər, çantalarını, əllərindəki bağlamalarını və ya paltolarını nəzərdə tutulan yerlərə qoyacaqlar, ya vaqon nəzarətçiləri qaydaların tətbiqi üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər, ya da Azərbaycan Dəmir Yolları QSC insafa gəlib, vaqonların sayını artıracaq ki, sərnişin sıxlığı olmasın.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə