“Tarixi nadir”i sonadək... - Felyetonsayağı söhbət

Sırağagündən oxuyuram, açıram, bir də oxuyuram, vallah da, billah da bir şey anlamıram. Öz də ki, heç də az oxumamışam ha... Bir vaxtlar Məşədi İbadı qınayırdıq. Yazıq deyirdi ki, “Tarixi nadir”i yarıyadək oxumuşam, ancaq bunları anlamıram. Mən Məşədidən fərqli olaraq “Tarixi nadir”i sonadək oxumuşam, bu söhbətdən yenə bir məna anlamadım axı. Vallah, əvvəl utandım, dedim bunun mənasını kimdən soruşum, kim mənə kömək etsin? Sonra fikirləşdim ki, niyə utanım axı? Deyir bir şeyi bilməmək günah deyil, onu öyrənməmək günahdır.

Odur ki, əziz Molla Nəsrəddin, yenə də səni səsləməli oldum. Dedim, haralardasan, ay Molla Nəsrəddin, gələsən bu məsələni mənə anladasan, görüm axı bu nə deməkdir. Çox sağ ol, sən də sözümü yerə salmadın, gəldin. Yaxşı da ki, gəldin, yoxsa beynim qarışmışdı, anlamağa çalışırdım, anlamadıqca da ürəyim partlayırdı.

Bir daha çox sağ ol, gəldin və soruşdun. Mən də bu İranın ali rəhbəri Ayətulla Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin söylədiklərini bir-bir sənə söylədim. Dedim, Molla, çox xahiş edirəm, mənə izah et, görüm, axı bu nə demək istəyir, necə yəni: “Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Qeyri-İran pasportu olsa da və ya İrandan kənarda yaşasalar da, bu, belədir. Mən də azərbaycanlıyam. Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi, mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlburz dağlarının ətəyindənəm. Mən də digər iranlılar kimi qürurlu İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verərəm”.

Vallah, nə yalan deyim, Molla baba da başladı fikirləşməyə. Həm də dərin xəyallara getdi. Əvvəl elə bildim o da anlaya bilmədi. Ona görə də mən başladım söhbətə:

-Ay Nəsrəddin baba, bu müşavir çox söz deyib ha, elə bilərsən tək budur. Lakin onları qoyuram bir kənara, hələlik tək bunu bilmək istəyirəm, “hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır”, nə deməkdir?

Mən danışıram, amma Nəsrəddin baba fikirdədir ki, fikirdədir. Gözlərini uzaq bir nöqtəyə dikib, xəyallara dalıb bu kişi. Mənsə düşündüm ki, gözləməkdən başqa çarəm yoxdur. Susdum.

Aradan bir xeyli vaxt keçdi. Molla baba dedi:

-Hə, bala, bu İranda vəziyyət necədir?

-Necə olacaq, baba, molla rejimi camaatın başına oyun açır. Budur, iki aydır ki, insanlar küçələrdə bu rejimə qarşı qalxıblar. Orada insan hüquqları o qədər tapdanır, insanların əlindən alınır ki, camaat ta buna tab gətirmir. Bu səbəbdən də İran dağılır. Camaat deyir ki, ya bizim hüquqlarımız bərpa olunacq, ya da molla rejimi devriləcək.

-Bəs bu molla rejiminin sizinlə münasibəti necədir?

-Necə olacaq, ay Molla Nəsrəddin. Biz elə bir qonşuyuq ki, ilanla da yola gedərik. Bizim indiyədək kimləsə bir sözümüzü-söhbətimizi eşitmisən? Gözümüz özümüzdə, sözümüz özümüzdə. Nə Ermənistan kimi kiminsə torpağında gözümüz olub, nə də İran kimi qonşunun birinə yardım edib o birinin üstünə salmışıq. Bizimlə işi olmayanla biz əbədiyyən dostuq. Şükür Allaha torpağımız, sərvətimiz özümüzə yetər.

Molla Nəsrəddin:

-Bəs necə olub ki, bu Vilayəti belə danışıb?

-Vallah, Molla baba, heç bilmirik, nə olub bunlara. Biz oturmuşuq ölkəmizdə, sakit, səssiz. Bunlar içləri ilə əlləşirlər. Gündə bir söz, bir sov. Bu Qarabağ Zəfərindən sonra dəfləri dönüb.

-Hə, belə de də, bala, indi anladım. Həm də çox yaxşı anladım. İndi mən bunu izah edim, siz də qulaq asın. Deyəsən sizin bu qonşular bir-biri ilə dodaq-dodağadırlar. O ili Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır. İndi də Vilayəti deyir ki, bütün azərbaycanlılar iranlıdır.

Paşinyanı dediyi sözə peşman edib oturtdunuz yerində. İndi özü ta lap uca səslə Qarabağ Azərbaycandır, deyir. Əslində İran qədim Azərbaycan əraziləridir. Bir zamanlar Arazı ayırıb, lil ilə doyurandan sonra o tay oldu İran. İndi bu Vilayəti bir az hisslərə qapılır, amma nahaq. Bütün azərbaycanlılar iranlı deyil, amma iranlılar azərbaycanlıdırlar. Sadəcə yarısı qalıb o tayda, olub iranlı.

Qaldı Vilayətinin özünü azərbaycanlı hesab etməsinə, bəli, azərbaycanlıdır, çünki İran Azərbaycandır. İran uğrunda canından keçməsinə gəlincə isə burada gizli məqamlar var, bir də əsarəti altında olduğu molla rejiminin qorxusu.

Amma hansı gizli məqamdan asılı olmayaraq, Vilayəti də, o biri, bu biri də bilməlidir. Bilməlidir ki:

Ağalar bilmədi birdir bu torpaq,

Təbriz də, Bakı da Azərbaycandır.

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.

-Nə, gözəl misralar söylədiniz, Nəsrəddin baba.

-Hə, bala, qoy bu da olsun Molla Nəsrəddin nəsihəti. Bir gün də Vilayətilər bunu təsdiq edər...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə