Deyəcəksiniz ki, on doqquz, nə? Vallah, nə qədər düşündüm ki, bu 19-a nə ad verim, tapa bilmədim. İnanın, nəfər, şəxs də deyə bilmədim, adam da deyə bilmədim, insan da deyə bilmədim, dedim elə, on doqquz yazım, əməllərindən danışım, adlarını siz qoyun, əziz oxucular.

Bu günlər xəbərlərdə oxudum ki, bu 19 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər kimi saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri, saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Vallah, adam söz də tapıb danışa bilmir. Xəbərə fotoları da yerləşdirilən bu 19-un rəsmləri özləri haqqında müfəssəl məlumat verir. Lakin bununla yanaşı, adam düşünür ki, 19 sayı heç də az deyil. Bu 19 bir yerə toplaşıb cəmiyyət, yaşadıqları şəhər, kənd üçün xeyirli bir iş görə bilərdi. Məsələn, bu 19 haradasa torpaq icarəyə götürüb, tərəvəz əkini ilə məşğul olaraq bazara yaxşı məhsul çıxara bilərdi.

Bu 19 bir yerə toplaşaraq kiçik ticarət işi qura bilərdi...

Bu 19 bir yerə toplaşaraq briqada təşkil edə, tikinti işləri ilə məşğul ola bilərdi. Heç olmaya bilməz ki, bu 19-un hər biri bir iş bacarmaya.

Lakin baxın, görün bunlar nə edirlər? Narkotik alveri ilə məşğuldurlar. İnsanları zəhərləməklə, gələcəyimizi məhv etməklə, ailələrimizi dağıtmaqla, sağlamlığımıza ziyan vurmaqla, cəmiyyətimizin nifrətəlayiq üzvlərinə çevrilməklə məşğuldurlar.

Bizim balalarımız getsin Vətən uğrunda cəbhədə şəhid olsun, sağlamlığını itirib evinə qazi olaraq qayıtsın, bir ömür ayaqsız, qolsuz yaşamağa məcbur olsun, bu 19 da bir yerə yığışıb pis əməllərlə məşğul olsun? Olmazdı ki, bu 19 bir yerə toplaşa, bir təşəbbüs ilə aidiyyatı üzrə müraciət edə, deyə ki, biz Qarabağdakı quruculuq işlərinə qatılmaq istəyirik? Torpaqları düşməndən alanlar alıb, uğrunda şəhid olanlar olub, biz də gedirik Qarabağın bir hissəsini abadlaşdırmağa.

Yazıqlar olsun, dəfələrlə yazıqlar olsun. Külli miqdarda narkotik maddə tutulmuş bu 19-a yazıqlar olsun. Görəsən, bunların evlərindəki övladlarına yazıqları gəlmir? Nə üçün onların adlarını ləkələyirlər? Nə üçün onlar məktəbdə, universitetdə, işdə, kollektiv arasında belə ataların övladları olduqları üçün utanmalıdırlar. Nə üçün?

Nə üçün onların anaları, həyat yoldaşları, bacı-qardaşları bu 19-un nadan, iyrənc hərəkətlərinə görə camaat arasına çıxmağa utanmalıdır?

Ay, 19, ailənizə çörəyi bu yollamı aparırdınız? Hər gün axşam evinizin qapısını açıb içəri keçəndə külfətin üzünə necə baxırdınız? Qazancdanmı gəlirəm, yorulmuşammı, deyirdiniz? Bu idimi işiniz? Asan qazanc yolu?..

Heç vicdan əzabı adlı bir hissi nə vaxsa duymusunuzmu? Axı o alveri ilə məşğul olduğunuz ölüm neçə-neçə uşağın, yeniyetmənin, gəncin arzularını yarımçıq qoyur. Neçə-neçə insanın ölümünə səbəb olur. Neçə-neçə insanın sağlamlığını əlindən alır, ailələrin sonu olur?

Düşünməmisiniz, o murdar və haram qazancınız bunları düşünməyi sizə çox görüb. Başınızı alverə qatıb varlanmaq niyyətində olmusunuz. Lakin yüzlərlə insanın bədbəxtliyi üzərində yığılan bu var-dövlətdən heç kim sonadək xeyir görə bilməz. O var-dövlət xoşbəxtliyi haqq edən, lakin sizlərin əllərindən aldığınız insanların acı taleyi ilə əldə olunur.

Cəzanızı qanunlarımız əsasında çəkəcəksiniz, bu, öz yerində. Ümidvarıq ki, bu cəzadan sonra evlərinizə qayıdıb çoxdan bəri istifadə etmədiyiniz papağınızı tapıb qarşınıza qoyub fikirləşərsiniz, yeni bir həyata qayıtmaq, yeni bir məşğuliyyət tapmaq barədə. Yeni, həm də halal bir işin qulpundan yapışmaq barədə. Ailənizə, uşaqlarınıza apardığınız çörəyin halallığı barədə.

Və sonda yenə də ümidvarıq ki, bütün bunları düşünə bilsəniz, o papağı başınıza qoyub bayıra çıxa biləcəksiniz. Belə olan halda siz 19-un adı var. Əks təqdirdə isə o papaqlar yenə dolabların bir küncünə atılacaq və siz 19-un adı nədir, bax bunu qoy oxucularımız özləri versinlər.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə