Yumurta qıtlığı, yoxsa “kürt yatma” yanlışı?.. KÖŞƏ

Vallah, bəzən elə hadisələrlə, elə açıqlamalarla, elə yanaşmalarla rastlaşırsan ki, necə deyərlər, adamın matı-qutu quruyur, söz tapıb danışa bilmirsən. Bu günlər yumurta qıtlığı ilə bağlı oxuduğum xəbər kimi.

Xəbər saytlarımızdan birinin ölkədə yumurtanın qiymətinin bahalaşması ilə əlaqədar olan xəbərində bəzi marketlərdə yumurtanın qiymətinin 40 qəpiyə qalxdığı, nəticədə marketlərdə ağ yumurtanın qiymətinin 13-16, kənd yumurtasının qiymətinin 33-40 qəpik arası olduğu, bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmədiyi bildirilir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli açıqlama verir ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir: “Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

İlk olaraq buna bir vətəndaş kimi münasibətimi bildirim ki, birinci, indi yumurtanın qıtlaşması yox, artması dövrüdür.

Vacib məqamlardan biri kimi vurğulayım ki, hələ qıtlıq, bahalaşma bir yana, istər kənd, istər broyler yumurtası olsun, şəhərimizdə çox təsadüf market və mağaza tapılar ki, hər ikisində, üçündə qiymətlər eyni olsun. Tək yumurtada deyil, bütün növ ərzaq məhsullarında. Bu barədə bir neçə dəfə yazmışıq da. Yanaşı market və mağazalarda, hansı ki, eyni məhsuldur, başqa-başqa qiymətlərə təklif olunur. Yumurtanın da başqa-başqa yerlərdə fərqli qiymətlərə satılmasını dəfələrlə müşahidə etmişik.

Yumurta qıtlığından söhbət açmışkən onu da vurğulayım ki, kənd yumurtası yay aylarında qıt olmalıdır. Çünki “kondisionerli” broylerdən fərqli olaraq kənd toyuqları istidən bilmirlər ki, canlarını haraya qoysunlar, hələ bir yumurta istehsal edib bizə yedirmək barədə əsla düşünmürlər. Onlar səbrsizliklə havaların sərinləşməsini gözləyirlər ki, yumurtlamağa başlasınlar.

Xəbərdə məni həm güldürən, həm də necə deyərlər, ağlatmaq üzrə olan məqamdan- mütəxəssisin “Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb” açıqlamasından danışım.

Güldüm, ona görə ki... Çox maraqlıdır, hamımız rayonlarda, kəndlərdə yaşamışıq, uşaqlığımız oralarda keçib, oralarda böyümüşük. Həyətlərimizdə toyuq-cücə saxlamışıq. Siz Allah, heç görən olub ki, toyuqlar payızda kürt yatsınlar? Toyuqlarda kürt yatma dövrü yazda, bir də yayın ilk ayında olur. Sonra havalar isinir, daha sonra da soyumağa başlayır. Mütəxəssisin dediyi kimi, indi, yəni payızda, həm də qışa bir ay qalan müddətdə toyuqların kürt yatması mümkün deyil.

Ağlamağım gəldi, ona görə ki, niyə bizi aldadırlar. Tək bu mütəxəssis yox, çoxları bizi aldadır. Özlərinə, işlərinə haqq qazandırmaq üçün bizi aldadırlar. Düşünürlər ki, camaatdı da, nə biləcək, qoy bizə verilən suala bir açıqlama verək, canımız qurtarsın. Ya fikirləşirlər ki, kimdi xəbərləri oxuyan, ya da hesab edirlər ki, məsələn, kimdi toyuğun kürt yatdığı dövrü bilən...

Təəssüflər olsun, həm də çox təssüflər olsun.

Toyuq niyə yumurtlamır indi, niyə mağazalarda yumurta qıtdır, mən deyim, kənd yumurtasına münasibət bildirən, lakin sarı brioylerlə bağlı bir kəlmə söyləməyən həmin mütəxəssis də bilsin. Yumurtlama üçün qaydalar var, ona riayət olunan təqdirdə toyuqlar çox yaxşı yumurta istehsal edirlər. Müəyyən temperatur və yüksəkkeyfiyyətli qida.

Düşünürəm ki, bu yazıq toyuqların kürt yatma məsələsini yaza saxlayıb, hazırda broyler toyuqların yerinin hansı səbəblərdən soyuq saxlanılmasından və yeminin hansı səbəblərdən aşağı keyfiyyətdə, həm də çox güman ki, gündəlik çəkidən az verilməsindən söhbət açmaq lazımdır. Bu təqdirdə mağazalarda sarı broyler yumurtaların olmaması, ağ yumurtanın isə az istehsal üzündən qiymətinin qalxma səbəblərini bilmiş olarıq. Bunun səbəbləri bir mütəxəssis üçün çox aydındır.

Qaldı kənd yumurtasının qıtlığı məsələsinə, indi toyuqların artıq yumurtlama dövrüdür. Bu yumurta hər yerdə də istənilən qədər boldur. Ona görə qıtdır ki, o, təbiidir, insanlar isə təbii məhsullara meyil edirlər. Bu halda təbii ki, təlabat da çox olacaq.

Digər tərəfdən, kəndin zəhmətkeş insanı görür ki, ağ yumurta 13-16 qəpiyə satılır, sarı broyler yumurta ümumiyyətlə, yoxa çıxıb, belə olan halda o da kənd yumurtasının qiymətini çox yox, azacıq qaldırır. Problem bu zəhmət adamlarında deyil, yumurtanı onlardan kəndbəkənd yığıb şəhərlərə daşıyan və camaata baha qiymətə sırıyanlardadır. Satışa isə ümumi nəzarət olarsa, qiymətlər sabit və hər yerdə eynilik təşkil edər. Bu qədər sadə...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə