Atletika üzrə 1500 və 5000 metr məsafəyə qaçış yarışlarında yeni dünya rekordları qeydə alınıb. Azərbaycan Atletika Federasiyasının saytında yer alan xəbərə görə, 1500 metr məsafəyə qaçış yarışında yeni dünya rekordunu efiopiyalı Samuel Tefera müəyyənləşdirib. O, İngiltərənin Birmingem şəhərində keçirilən dünya qış turunun - Müller Qran-Prisində məsafəni 3 dəqiqə 31.04 saniyəyə qət edərək yeni dünya rekordunun sahibi olub. İdmançı bu nəticə ilə mərakeşli Hişam El Qerrucun 22 ildir yenilməz olan rekordunu 0.14 saniyə geridə qoyub.
Bundan başqa, həm kişilər, həm də qadınlar arasında 5000 metr məsafəyə qaçış yarışlarında da yeni dünya rekordu müəyyən olunub. Hər iki göstərici Monakoda keçirilən Herkules qaçışında qeydə alınıb. Qadınların yarışında hollandiyalı Sifan Hassan finiş xəttini 14 dəqiqə 44 saniyə nəticə ilə keçib. Kişilərin yarışında isə isveçrəli atlet Julien Vanders 5000 metr məsafəni 13 dəqiqə 29 saniyəyə qət edib.
Xatırladaq ki, 22 yaşlı Julien Vanders bir neçə gün əvvəl britaniyalı Mo Farahın Avropa yarımarafon rekordunu da yeniləmişdi. İyirmi iki yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə