Beynəlxalq Futbol Federasiyasının (FIFA) mütəxəssisləri Moskvanın “Lujniki” stadionunu tribunalardan meydanın görünməsinə görə dünyanın ən yaxşı stadionu sayıblar. Bunu Moskva Tikinti Departamentinin başçısı Andrey Boçkaryov deyib. Onun sözlərinə görə, FIFA mütəxəssisləri bildiriblər ki, “Lujniki” xüsusən tribunalardan meydanın görünməsinə görə dünyanın ən yaxşı stadionudur.
Arena bu ilin yayında Rusiyada keçirilən futbol üzrə dünya çempionatı üçün yenidən qurulub. Stadionun tamaşaçı tutumunu 81 min nəfərə qədər artırmağa imkan verən yenidənqurma işləri şəhərə 26,6 milyard dollara başa gəlib.
Departament rəhbərinin sözlərinə görə, yenidənqurma işləri büdcədən və müddətdən kənara çıxmayan 10 ən iri dünya layihəsindən biri sayılıb.
A.Boçkaryov deyib: ”Yenidənqurma dövründə FIFA-nın 50 nümayəndə heyəti yoxlama aparıb. Onların hər biri öz sahəsi, kimi tribunadakı yerlər, kimi işıqlandırma üçün məsuliyyət daşıyıb. Biz ekspertlərin göstərdikləri qüsurları dərhal aradan qaldırmışıq. Məsələn, iki gecə müddətində 300 əlavə rozetka düzəltmişik. Moskva meri Sergey Sobyanin müntəzəm olaraq tikintiyə baş çəkib. Yeri gəlmişkən, stadionun tarixi fasadını saxlamaq məhz onun qərarı olub”.
A.Boçkaryov əlavə edib ki, Moskvanın hökuməti yaxın üç ildə paytaxtda 30-dan çox idman obyekti inşa etməyi planlaşdırır. Məqsəd şəhər sakinlərinin məhz öz yaşadıqları rayonda komfortlu və gözəl məkanlarda bədən tərbiyəsi ilə məşğul olmalarına şərait yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə