Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, millət vəkili Sona Əliyeva, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Tədbirdən öncə İdarə müdiri Rəşad Tağıyev və qonaqlar məktəblə yaxından tanış olub, tədris prosesinin gedişini izləyiblər.
“Heydər Əliyev və azərbaycançılıq” adlı tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. R.Tağıyev bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.
Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri Ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.
R.Tağıyev həmçinin Ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığını bildirib.
Daha sonra çıxış edən YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, millət vəkili Sona Əliyeva və digər qonaqlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirdə həmçinin müxtəlif müsabiqələrdə qalib olmuş məktəb şagirdləri təltif olunublar.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə