Vaşinqtonda türk və Azərbaycan icmalarının etiraz nümayişi FOTOLAR

Vaşinqtonda və ABŞ-ın bir sıra digər şəhərlərində ermənilərin qondarma “erməni soyqırımı”nın 104-cü ildönümü ilə bağlı nümayişi olub. SİA-nın verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində “soyqırımı” sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahının qarşısında kütləvi şou təşkil ediblər.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 60 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısına toplaşıb.

Türk və Azərbaycan icmalarının nümayəndələri küçənin digər tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər, 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı reallaşdırdıqları terror aktları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər.

Tədbirin əsas “mövzusu” “erməni soyqırımının xatirə günü” olsa da, erməni icmasının şüarlarının çoxunu məhz ərazi iddiaları ilə bağlı “Muş Ermənistandır”, “Şərqi Türkiyə Qərbi Ermənistandır”, “Biz öz torpaqlarımızı və təzminatlar tələb edirik!” kimi çağırışlar təşkil edib. Bu, erməni lobbisinin əsl məqsədinin Türkiyənin ərazisinin bir hissəsini Ermənistana güzəştə getməyə və təzminat şəklində pul ödəməyə məcbur etmək istəyi olduğunu bir daha təsdiqləyir.

Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində Xocalı qırğını haqqında faktların təqdim edildiyi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan və erməni terrorunu pisləyən plakatlar tutublar.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda isə Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə