Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı 9 noyabr Bayraq günü və 12 noyabr Konstitusiya günü münasibəti ilə Milli Məclisdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə rayon icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu rayon 27 nömrəli seçki dairəsindən deputat, həmçinin komitənin üzvü Dilarə Cəbrayılova, rayon üzrə orta məktəb direktorları, rayon xəstəxanasının həkimləri, orta məktəb şagirdləri və rayonun ictimai həyatında yaxından iştirak edən gənclərdən ibarət bir qrup fəalı ilə görüş keçirdi. SİA-nın məlumatına görə, qonaqlar əvvəlcə Milli Məclisində Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış oldular. Sonra komitə sədri ilə görüşdülər. Görüş zamanı Aqiyə xanım Naxçıvanlı Azərbaycan Parlamentinin tarixi, Milli Məclisin inzibati idarəetməsi, tərkibi və komitələri haqqında geniş məlumat verdi. O, həmçinin rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin fəaliyyəti ilə də bağlı qonaqlara məlumat verdi.
Sonda komitə sədri qonaqların suallarını cavablandırdı və fəallara Ulu öndər Heydər Əliyevin çıxışlarından ibarət “Mənəviyyat, Mədəni dəyərlər, Mənəvi tərbiyə” adlı kitabı və Birinci Vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş kitab dəstini hədiyyə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə