Dilimizin saflığının qorunması məqsədi ilə Monitorinq Mərkəzi yaradılacaq
Möhsün Nağısoylu: "Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman ölkəmizdə həyata keçirilən dil siyasətinin təzahürüdür"
Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili daha da zənginləşib. Ulu Öndər Heydər Əliyevin, bütün sahələrdə olduğu kimi, dil siyasətini də davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı dilimizə olan diqqətin daha bir nümunəsidir. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq.
Qloballaşma şəraitində dilin saflığının qorunması istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən dil siyasəti ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu "Səs" qəzetinə açıqlamasında bildirib ki, ana dili bizim varlığımız, milli kimliyimizdir: "Ulu Öndər Heydər Əliyev müdrik kəlamlarının birində deyirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir". Ulu Öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə, Azərbaycana rəhbərlik etdiyi zaman, dil siyasəti məsələsini də daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə böyük işlər görmüşdür. 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük hadisə idi. Müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi dil siyasəti önəmli hadisələrlə yadda qalmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Daha sonra ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir".
M.Nağısoylu Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilinin dövlət dili olaraq qorunması ilə bağlı həyata keçirdiyi tədbirlərə nəzər salaraq, Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamların təsdiq edildiyini bildirdi. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə, məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar, ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından, son dərəcə əhəmiyyətli olmuşdur. M.Nağısoylu bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2013-cü il 9 aprel tarixli, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamları və s. ana dilinə dövlət qayğısının artırılmasına, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradıb: "2013-cü ildə Dilçilik İnsitututunda yaradılan şöbələrdən Monitorinq şöbəsi Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, eləcə də, ədəbi dil normalarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilir".
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 13 noyabr 2017-ci il Sərəncamı ilə komissiyanın Sədrinin Cənab İlham Əliyevin təyin edilməsinin M.Nağısoylu dilimizin qorunmasında böyük əhəmiyyət daşıdığın bildirdi. Dilimizə olan diqqət və qayğının daha bir nümunəsi olaraq, bu günlərdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" dövlət başçısının Fərmanının əhəmiyyətinə toxunaraq, ölkəmizdə dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılmasının böyük əhəmiyyət daşıdığını vurğuladı. Müasir Azərbaycan dilinin mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olduğunu qeyd edərək, dilimizdə bəzi nöqsanlara yol verildiyini nəzərə çatdırdı: "Fərmanda vurğulandığı kimi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməyə imkan vermirdi. Məhz belə bir zamanda, Fərmanın imzanlanması təqdirəlayiqdir. Belə bir mərkəzin yaradılması bəzi radio və televiziya kanallarının aparıcılarının dilimizin saflığının qorunmasına riayət etməsinə səbəb olar. Bu gün, bəzi hallarda, dilimizin orfoepik qaydaları pozulur. Bəzi qurumlara inzibati cəzaların tətbiq olunması lazımdır ki, bundan nəticə çıxarsınlar. Bu Monitorinq Mərkəzinin yaradılması mövcud nöqsanların aradan qaldırılmasında əhəmiyyətli olacaq".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə