“ATƏT daha çox ermənilərin tapşırığı ilə çalışır" ÖZƏL-RƏY

“Ümumiyyətlə mən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ötən gün Parisdə keçirilən görüşdən heç bir şey gözləmirdim. Hətta Azərbaycanda müəyyən politoloqlar da bu fikirdə idi. Çünki cənab Prezident özü son çıxışında da bunu bildirmişdi”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, ATƏT hələ bu günə qədər heç bir iş görməyib və təbii ki, bundan sonra da görəcəyi inandırıcı deyil: “ATƏT daha çox ermənilərin tapşırığı ilə çalışır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsin. Onların bu variantı da keçmir. Ona görə də nazirlərin görüşündən heç bir şey gözləmirdim. Heç şübhəsiz ki, mən növbəti görüşlərdən də hansısa bir şey gözləmirəm. Çünki güclənən Azərbaycanı sevməyən dövlətlər var. Onlar bir növ bu yolla Azərbaycanın inkişafının qarşısını almaq istəyir. Çalışırlar ki, ölkə daxilində ərazi bütövlüyü ilə bağlı gərginlik artsın. Yəni əsas məqsəd budur. Təbii ki, ona da nail ola bilməyəcəklər”.

Qeyd edək ki, Azərbaycan XİN Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ötən gün Parisdə keçirilmiş görüş ilə bağlı açıqlama yayıb. Açıqlamada tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə