"Azərbaycan rəqəmsal gələcəyini strateji əsaslarla formalaşdırır" - POLİTOLOQ DANIŞDI
"Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi Azərbaycanın dövlət idarəçiliyində rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm institusional addımdır. Məlum olduğu kimi iclasda qarşıdakı üç il üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin prioritet elan olunması rəqəmsal inkişafın artıq ayrı-ayrı layihələr deyil, vahid dövlət siyasəti çərçivəsində həyata keçiriləcəyinə işarə edir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, müasir dövrdə rəqəmsallaşma idarəetmənin səmərəliliyini artıran, şəffaflığı gücləndirən və vətəndaş-məmur münasibətlərini sadələşdirən əsas mexanizmlərdən biridir:
"Bu baxımdan Şuranın fəaliyyətə başlaması müxtəlif dövlət qurumlarının rəqəmsal layihələrinin vahid strateji yanaşma əsasında əlaqələndirilməsinə imkan yarada bilər. Məsələ burasındadır ki, uzun illər ərzində müxtəlif sahələrdə elektron xidmətlərin yaradılması mühüm nəticələr versə də, onların inteqrasiyası və məlumat mübadiləsinin vahid standartlar üzrə qurulması hələ də qarşıda duran əsas vəzifələrdən biri olaraq qalır.
İclasda süni intellekt texnologiyalarının tətbiqi, dövlət məlumat bazalarının inteqrasiyası, kibertəhlükəsizlik və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlərin ön plana çıxarılması da diqqət çəkən məqamlardandır. Bu, Azərbaycanın qlobal rəqəmsal transformasiya proseslərindən geri qalmaması və rəqabət qabiliyyətini artırması üçün olduqca vacibdir. Xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlbediciliyinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər mühüm məqam isə rəqəmsal inkişafın artıq iqtisadi siyasətin ayrılmaz hissəsinə çevrilməsidir. Neftdənkənar sektorun inkişafı, innovasiya ekosisteminin formalaşdırılması və yüksək texnologiyalar sahəsində yeni imkanların yaradılması üçün rəqəmsal idarəetmə əsas şərtlərdən hesab olunur. Bu baxımdan Şuranın fəaliyyəti dövlət, özəl sektor və elmi mühit arasında əməkdaşlığın genişlənməsinə də töhfə verə bilər.
Bununla belə, qarşıya qoyulan məqsədlərin uğuru yalnız texnoloji həllərdən deyil, həm də institusional islahatlardan, insan kapitalının inkişafından və rəqəmsal bacarıqların artırılmasından asılı olacaq. Rəqəmsal transformasiya prosesində informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və yeni texnologiyalara ictimai etimadın təmin edilməsi də əsas prioritetlər sırasında qalmalıdır.
Ümumilikdə, Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın rəqəmsal gələcəyinə dair strateji baxışın formalaşdırılması istiqamətində mühüm başlanğıc hesab oluna bilər. Qarşıdakı dövrdə qəbul ediləcək qərarların ardıcıl icrası və dövlət qurumları arasında effektiv koordinasiya təmin olunarsa, bu platforma ölkədə daha çevik, şəffaf və innovativ idarəetmə modelinin qurulmasına, eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB