ATƏT Parlament Assambleyasının Haaqada keçirilən illik sessiyası çərçivəsində Azərbaycan və Niderland parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair görüşlər keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin, eləcə də Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev Niderland parlamentinin nümayəndələri ilə bir sıra müzakirələr aparıblar.
Səfər çərçivəsində Qaya Məmmədov Niderland Senatının sədri Mei Li Vos və Nümayəndələr Palatasının sədri Tom van Kampen ilə görüşüb. Daha sonra Azərbaycan nümayəndə heyəti Niderland Senatının birinci vitse-prezidenti Boris Ditrixin rəhbərliyi ilə Senat və Nümayəndələr Palatasının xarici əlaqələr daimi komitələrinin üzvləri ilə geniş tərkibdə görüş keçirib.
Görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və nəqliyyat-logistika marşrutlarındakı strateji rolu, regiondakı vəziyyət, postmünaqişə dövrü və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər parlament diplomatiyasının ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayaraq, parlamentlər arasında müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı Haaqa şəhərinin meri Yan van Zanen Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etmək məqsədilə Bakıya etdiyi səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB