"Yaxşı ideya maliyyə çatışmazlığı ucbatından yarımçıq qalmamalıdır" - Zahid Oruc

"Yaxşı ideya maliyyə çatışmazlığı ucbatından yarımçıq qalmamalıdır" - Zahid Oruc

“Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçidi müxtəlif maliyyə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Bu baxımdan, "Kraudfandinq haqqında" qanunun qəbul edilməsi ölkədə alternativ maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müasir dövrdə iqtisadiyyat yalnız bank kreditləri və iri maliyyə institutları üzərində qurulmur. Onun sözlərinə görə, kraudfandinq minlərlə insanın kiçik məbləğlərlə innovativ layihələrə, startaplara və sahibkarlıq təşəbbüslərinə sərmayə yatırmasına imkan yaradan mühüm maliyyə alətidir.

Zahid Oruc qeyd edib ki, bu model xüsusilə girov təqdim etmək imkanı olmayan gənc sahibkarlar və innovativ layihə müəllifləri üçün yeni maliyyə mənbəyi yaradır. O vurğulayıb ki, dünyanın aparıcı iqtisadiyyatlarında kraudfandinq innovasiyanın və sahibkarlığın inkişafına ciddi töhfə verir.

Deputatın sözlərinə görə, son 15–20 ildə kraudfandinq dünya maliyyə bazarlarında formalaşan ən mühüm yeniliklərdən biri olub və qlobal bazarın həcmi artıq 100 milyard ABŞ dollarını ötüb.

Zahid Oruc bildirib ki, qanun layihəsinin əsas məqsədlərindən biri də bu sahədə şəffaflığı təmin etmək, investorların hüquqlarını qorumaq və maliyyə piramidaları kimi qanunsuz fəaliyyətlərin qarşısını almaqdır. O qeyd edib ki, təqdim olunan layihə platformaların Mərkəzi Bank tərəfindən tənzimlənməsini, risklərin açıqlanmasını və nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Deputat vurğulayıb ki, kraudfandinq yalnız texnologiya sahəsində deyil, kənd təsərrüfatı, sənaye, yaşıl enerji, turizm, səhiyyə, təhsil və yaradıcı iqtisadiyyat kimi istiqamətlərdə də geniş tətbiq oluna bilər. Onun fikrincə, bu maliyyələşmə modeli regionlarda fəaliyyət göstərən sahibkarların da daha geniş investor auditoriyasına çıxışını təmin edəcək.

Zahid Oruc əlavə edib ki, kraudfandinq bankları əvəz etmir, əksinə, ilkin mərhələdə maliyyələşdirilməsi çətin olan layihələrə dəstək verir və uğurlu bizneslərin sonradan ənənəvi maliyyə sisteminə inteqrasiyasına şərait yaradır.

Deputat bildirib ki, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Sinqapur, Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə bu sahə artıq xüsusi qanunvericiliklə tənzimlənir. Onun sözlərinə görə, Azərbaycanda da yeni qanun maliyyə mənbələrinin şaxələndirilməsinə, iqtisadiyyatın dayanıqlığının artırılmasına və perspektivli ideyaların maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalmamasına xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə