“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir“ - DEPUTAT DANIŞDI

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir“ - DEPUTAT DANIŞDI

“Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı dinamik inkişaf edən və strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi diqqət çəkir”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, son illərdə tərəflər arasında siyasi dialoq, iqtisadi əlaqələr, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri və regional təhlükəsizlik məsələləri üzrə qarşılıqlı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur:

”Ayrı-ayrı Avropa dövlətləri və bəzi siyasi dairələr tərəfindən zaman-zaman qərəzli yanaşmalar müşahidə olunsa da, Azərbaycan rəhbərliyi Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığın inkişafını xarici siyasətin mühüm prioritetlərindən biri kimi qiymətləndirmişdir.

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi mövqelər göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsində maraqlıdır. Bu yanaşma ölkənin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun mühüm tərkib hissəsi kimi çıxış edir.

Azərbaycanın Aİ üçün strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən biri enerji təhlükəsizliyi sahəsində oynadığı roldur. Ölkə hazırda 16 xarici dövlətə təbii qaz ixrac edir ki, onların 10-u Avropa ölkələridir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir və Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi ön plana çıxarır. Bununla yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın yaşıl enerji gündəliyinə inteqrasiyasını sürətləndirir.

Nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər də ölkənin geostrateji mövqeyini gücləndirir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional logistika mərkəzinə çevrilməkdədir. İnfrastruktur layihələrinə yönəldilən investisiyalar nəticəsində yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması hədəflənir ki, bu da Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir.

Son dövrdə Aİ rəhbərliyinin Azərbaycana yüksək səviyyəli səfərləri münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakı səfərləri tərəflər arasında strateji dialoqun dərinləşdiyini nümayiş etdirmişdir. Bu səfərlər Aİ-nin Azərbaycanın Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin edilməsində mühüm aktor olduğunu qəbul etdiyini göstərən siyasi siqnal kimi qiymətləndirilə bilər.

Əgər əvvəlki mərhələdə Azərbaycan–Aİ əməkdaşlığının əsas məzmununu enerji məsələləri təşkil edirdisə, hazırda münasibətlər regional təhlükəsizlik, nəqliyyat, logistika, rəqəmsal transformasiya, yaşıl enerji və dayanıqlı inkişaf kimi sahələri də əhatə edir. Beləliklə, tərəfdaşlıq tədricən çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilir.

İqtisadi göstəricilər də bu əməkdaşlığın miqyasını təsdiq edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkənin ixracının 40 faizdən çoxu Aİ bazarlarının payına düşür. Bundan əlavə, Aİ-nin Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin regional iqtisadi çəkisini aydın şəkildə nümayiş etdirir.

Ursula fon der Lyayenin Azərbaycanı “strateji tərəfdaş” kimi xarakterizə etməsi və münasibətlərin inkişafına xüsusi önəm verməsi ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin və dayanıqlı iqtisadi inkişaf modelinin beynəlxalq səviyyədə müsbət qiymətləndirildiyini göstərir.

T.Rzayev bildirdi ki, Azərbaycanın ictimai-siyasi sabitliyi, müstəqil siyasət yürütməsi, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq sistemdə mövqelərini möhkəmləndirir. İnfrastrukturun modernləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas logistika qovşaqlarından birinə çevrilmişdir.

Eyni zamanda, Aİ Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasında, sülh prosesinin irəliləməsində və Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında maraqlı olduğunu bəyan edir. Bu istiqamətdə göstərilən siyasi və maliyyə dəstəyi regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ümumi maraqların ifadəsi kimi çıxış edir.

Azərbaycanın ABŞ, Çin, Koreya Respublikası, qardaş Türkiyə və digər dövlətlərlə əlaqələrini paralel şəkildə inkişaf etdirməsi Aİ ilə münasibətlərin daha sağlam və balanslı əsasda qurulmasına əlavə stimul yaradır. Çoxvektorlu xarici siyasət ölkənin beynəlxalq manevr imkanlarını genişləndirir və tərəfdaşlarla əməkdaşlığın qarşılıqlı fayda prinsipi əsasında dərinləşməsinə şərait yaradır.

Komitə sədri vurğuladı ki, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunun artması, enerji və logistika sahələrində strateji mövqeyinin güclənməsi, eləcə də Avropa İttifaqı ilə münasibətlərin çoxşaxəli əməkdaşlıq formatına keçməsi ölkənin gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Aİ rəhbərliyinin Azərbaycana səfərləri zamanı səsləndirilən bəyanatlar və əldə olunan razılaşmalar göstərir ki, tərəflər arasında əməkdaşlıq yalnız cari maraqlara deyil, həm də uzunmüddətli strateji tərəfdaşlıq məqsədlərinə söykənir. Bu isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyini və regional inkişaf proseslərinə mühüm təsir göstərəcəyini deməyə əsas verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə