“Türkiyə qlobal təhlükəsizliyin əsas təminatçılarından biridir”

“Türkiyə qlobal təhlükəsizliyin əsas təminatçılarından biridir”

Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb.

SİA xəbər verir ki, sammitlə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov sammitin əhəmiyyəti, eləcə də Türkiyənin NATO-da artan rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ankarada NATO-nun 36-cı sammitinin keçirilməsi ABŞ və Qərbin gələcək təhlükəsizliyi baxımından mühüm əhəmiyətə malikdir. Sammitdə NATO-nun hərbi-siyasi qurum kimi qorunub saxlanılması, onun imkanlarının genişləndirilməsi, təhlükəsizliklə bağlı təhdidlərə qarşı önləyici addımların atılması kimi mühüm məsələlər müzakirə edilir.

Bizim üçün qürurverici məqamlardan biri sammitdə Türkiyəyə aparıcı NATO dövləti kimi xüsusi diqqətin göstərilməsi, qardaş dövlətin bu alyansdakı əhəmiyyəti haqqında yüksək fikirlərin səsləndirilməsidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin hərbi gücünü təqdir edən önəmli fikirlər səsləndirdi. Baş katib qeyd etdi ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atıb və bu istiqamətdəki səylərini qətiyyətlə davam etdirməkdədir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen də Türkiyənin NATO üçün əhəmiyyətinin inkaredilməz olduğunu bildirdi. Qeyd etdi ki, Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir və alyansın həyatında hər zaman mühüm rol oynayıb.

Şübhəsiz, Türkiyənin NATO-dakı rolunun güclənməsi qardaş ölkə olaraq Azərbaycanı da qürurlandırmaqda, bizdə fərəh hissi oyatmaqdadır. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür. Bu mənada Türkiyənin hərbi gücünün artması bütün türk dünyasının təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir.

Onu da xatırladım ki, Azərbaycanla Türkiyə arasıdna uzun illərdir ki, sıx hərbi əməkaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək, mütəmadi şəkildə genişləndiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə