Əhalinin yaşlanması iqtisadiyyata həm qısamüddətli, həm də uzunmüddətli dövrdə ciddi təsir göstərən ən mühüm demoqrafik amillərdən biridir. Bunun ilk təsiri əmək bazarında özünü göstərir. Əhalinin yaş strukturu dəyişdikcə pensiya yaşına çatan insanların sayı artır, əmək qabiliyyətli və işləyən əhalinin sayı isə azalır.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, işləyənlərin sayının azalması iqtisadi fəallığa təsir etdiyi kimi, pensiya alanların sayının artması da dövlətin sosial öhdəliklərini genişləndirir:
”Nəticədə pensiya xərcləri artır. Eyni zamanda yaşlı əhali səhiyyə və sosial xidmətlərdən daha çox istifadə etdiyinə görə bu sahələrə də tələbat yüksəlir və dövlət büdcəsi üçün əlavə yük yaranır.
Əmək qabiliyyətli əhalinin azalması vergi daxilolmalarına, iqtisadi artıma və məhsuldarlığa da təsir göstərir. Çünki gənc nəsil adətən innovasiyalara, sahibkarlığa və risk götürməyə daha meyilli olur. Əhalinin yaşlanması bu dinamikanı zəiflədə və iqtisadi inkişaf tempinə təsir edə bilər.
Hazırda Azərbaycanda bu problem kəskin xarakter daşımır. Ölkədə əhalinin yaş strukturunda gənclərin payı hələ də yüksəkdir. Lakin Avropanın bir çox ölkələrində əhalinin yaşlanması ciddi çağırış hesab olunur. Məsələn, Almaniya və Kanada kimi ölkələr əmək bazarında yaranan boşluğu doldurmaq üçün uzun illərdir əmək miqrasiyası siyasətindən istifadə edir və xarici işçi qüvvəsini cəlb edirlər. Bu da yaşlanan cəmiyyətin iqtisadiyyata təsirini azaltmağa yönəlmiş əsas mexanizmlərdən biridir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB