“Azərbaycan–ABŞ əlaqələrinin yeni məzmun qazanması xüsusi əhəmiyyət daşıyır” - DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubu rəsmi Bakının Vaşinqtonla əlaqələrin inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, məktubda yer alan bu mesajlar iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə verilən siyasi qiymətdir:
”Bakı ilə Vaşinqton arasında münasibətlər müstəqilliyin ilk illərindən etibarən müxtəlif istiqamətlər üzrə formalaşıb. Enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmlə mübarizə, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələri ikitərəfli əlaqələrin əsas prioritetləridir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən layihələrdə ABŞ-nin dəstəyi uzun illər tərəflər arasında strateji tərəfdaşlığın mühüm elementlərindən biri olub. Müasir mərhələdə isə münasibətlər yeni geosiyasi reallıqlar fonunda inkişaf edir. Cənubi Qafqazda yaranmış yeni vəziyyət, regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan proseslər Vaşinqton və Bakı arasında dialoqun aktuallığını daha da artırır.
Təsadüfi deyil ki, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması məhz Vaşinqtonda baş tutdu. Bu, Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra regional sabitlik istiqamətində atılan ən mühüm diplomatik addımlardan biri idi. Bu hadisə yalnız Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması baxımından deyil, həm də Azərbaycan–ABŞ əlaqələrinin yeni məzmun qazanması kontekstindən xüsusi əhəmiyyət daşıyır. Sülh sazişinin paraflanması Azərbaycan diplomatiyasının uzun müddətdir irəli sürdüyü sülh gündəliyinin beynəlxalq platformada növbəti mərhələyə keçdiyini göstərdi.
İqtisadi əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Enerji sektoru ilə yanaşı, rəqəmsal texnologiyalar, bərpa olunan enerji, nəqliyyat-logistika və investisiya layihələri üzrə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi qarşılıqlı iqtisadi maraqların daha da möhkəmlənməsinə xidmət edir.
Müasir geosiyasi şəraitdə Azərbaycanın Orta Dəhliz üzrə əsas tranzit ölkələrindən biri kimi mövqeyinin güclənməsi də Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən alternativ logistika marşrutlarının inkişafı fonunda Cənubi Qafqazın sabitliyi beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından strateji məsələ kimi ön plana çıxır. Məhz buna görə də sülh sazişinin paraflanması təkcə ikitərəfli münasibətlərə deyil, həm də regionun iqtisadi inteqrasiyasına yeni impuls verir.
Prezident İlham Əliyevin təbrik məktubunda münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin vurğulanması rəsmi Bakının ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətini ifadə edir. Mövcud geosiyasi şəraitdə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi tərəfdaşlıq kimi sahələr hər iki ölkənin gündəliyində mühüm yer tutur”.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB