Son illər uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində görülən tədbirlər yetərlidirmi? - AÇIQLANDI

Son illər uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində görülən tədbirlər yetərlidirmi? - AÇIQLANDI

Azyaşlılara qarşı zorakılıq halları təkcə hüquqi deyil, həm də sosial və psixoloji baxımdan ciddi narahatlıq doğuran məsələlərdən biridir. Bu cür hadisələr uşaqların təhlükəsizliyinin təmin olunması, ictimai yerlərdə nəzarət mexanizmlərinin gücləndirilməsi və həssas qrupların müdafiəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Son günlər Bakıda baş verən və sosial şəbəkələrdə yayılan görüntülər də cəmiyyətdə geniş rezonans doğurub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvü, deputat Jalə Əliyeva SİA-ya bildirib ki, son illər Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində hüquqi və institusional sahədə mühüm addımlar atılıb. Qanunvericilik bazasının təkmilləşdirilməsi, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dövlət proqramlarının icrası, məktəblərdə psixoloji xidmətlərin genişləndirilməsi, ailədaxili zorakılıqla mübarizə tədbirləri və rəqəmsal mühitdə uşaqların qorunmasına yönəlmiş yeni təşəbbüslər bu istiqamətdə mühüm irəliləyişlərdir:

“Lakin atılan bütün müsbət addımlar, görülən çoxsaylı tədbirlərlə birlikdə, mövcud vəziyyət göstərir ki, yalnız hüquqi mexanizmlər problemin tam həlli üçün kifayət deyil. Uşaqlara qarşı zorakılıq fiziki, psixoloji, emosional, iqtisadi və kiberzorakılıq kimi müxtəlif formalarda davam edirsə, bu kimi hallar yeni və daha effektiv mexanizmlərin tətbiqini zəruri edir.

Bu baxımdan məktəblərdə peşəkar psixoloq və sosial işçi institutunun gücləndirilməsi, risk qrupunda olan ailələrin erkən müəyyən edilməsi və həmin ailələrlə fərdi sosial işin aparılması, uşaqların anonim şəkildə müraciət edə biləcəyi təhlükəsiz platformaların inkişaf etdirilməsi, valideynlərin mütəmadi maarifləndirilməsi və müsbət valideynlik bacarıqlarının təşviqi, polis, təhsil, səhiyyə və sosial xidmətlər arasında vahid məlumat mübadiləsi sisteminin yaradılması, rəqəmsal mühitdə kiberbullinq və onlayn istismar hallarının qarşısının alınması üçün texnoloji nəzarət və maarifləndirmənin genişləndirilməsi və s. bu kimi mexanizmlər yenidən nəzərdən keçirilə bilər.

Ən vacib məqam isə cəmiyyətin yanaşmasının dəyişməsidir. Zorakılıq ailənin şəxsi məsələsi deyil, insan hüquqlarının pozulmasıdır. Hər bir müəllim, həkim, qonşu və vətəndaş zorakılıq əlamətlərini gördükdə aidiyyəti qurumlara məlumat verməyi öz sosial məsuliyyəti hesab etməlidir.

Bu günə qədər görülən tədbirlər sözsüz ki, öz müsbət nəticələrini verir. Eyni zamanda dəyişən sosial və rəqəmsal reallıqlar fonunda bu tədbirlərin daha da təkmilləşdirilməsi məqsəsilə qanunvericilik, profilaktika, erkən müdaxilə, psixoloji dəstək və ictimai maarifləndirməni birləşdirən kompleks yanaşmanın tətbiqi uşaqlara qarşı zorakılığın qarşısının alınmasında daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacaqdır”.

Vəkil Səma Əhmədova məsələnin hüquqi yanlarına toxunaraq bildirib ki,
azyaşlıya qarşı baş vermiş hər hansı fiziki zorakılıq hadisəsi ilk növbədə hüquqi müstəvidə obyektiv araşdırılmalıdır. Hadisənin hüquqi qiyməti toplanmış sübutlar, ekspertiza rəyləri və istintaqın nəticələri əsasında müəyyən edilir:

“İctimaiyyət arasında hadisəni törətdiyi bildirilən şəxsin psixi sağlamlıq vəziyyəti müzakirə olunur. Lakin hüquqi baxımdan vacib məqam ondan ibarətdir ki, şəxsin psixi pozuntusunun olması onu avtomatik olaraq hüquqi məsuliyyətdən azad etmir. Bunun üçün məhkəmə-psixiatrik ekspertiza ilə müəyyən edilməlidir ki, hadisə zamanı o, öz hərəkətlərinin mahiyyətini və nəticələrini dərk etmək, eləcə də onları idarə etmək qabiliyyətinə malik olubmu. Yalnız bu hal təsdiq olunduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hüquqi prosedurlar tətbiq edilir.

Digər mühüm məsələ zərərçəkmiş uşağın hüquqlarının qorunmasıdır. Ailə hüquq-mühafizə orqanlarına müraciət etməli, hadisə ilə bağlı bütün sübutlar toplanmalı, uşağın tibbi və psixoloji vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda isə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquqi mexanizmlərdən istifadə edilməlidir.

Xüsusilə autizmli və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı belə hadisələrə daha həssas yanaşılmalıdır. Bu cür hallarda məqsəd yalnız təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi deyil, eyni zamanda uşağın təhlükəsizliyinin, psixoloji sağlamlığının və hüquqlarının tam şəkildə təmin olunmasıdır. Dövlətin və hüquq-mühafizə orqanlarının əsas vəzifəsi də məhz bu müdafiəni effektiv şəkildə həyata keçirməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə