Piyadalar niyə həyatlarını riskə ataraq sürətli yollara çıxırlar? - EKSPERT AÇIQLADI
Bakıda sürətli avtomobil yollarında piyadaların öz həyatını təhlükəyə ataraq yolu qanunsuz yerdən keçməsi halları hələ də davam edir. Belə hadisələr təkcə piyadalar üçün deyil, sürücülər üçün də ciddi qəza riski yaradır və bir anlıq ehtiyatsızlıq ağır nəticələrə səbəb ola bilir. Mütəxəssislər hesab edirlər ki, bu məsələdə həm təhlükəsizlik qaydalarına əməl olunmalı, həm də məsuliyyət hissi güclənməlidir. Bəs belə təhlükəli halların qarşısını almaq üçün hansı addımlar daha effektiv ola bilər? Belə hadisələrin baş verməsinin əsas səbəbi nədir? Piyadalar niyə həyatlarını riskə ataraq sürətli yollara çıxırlar? Sürücülər belə vəziyyətlə qarşılaşanda necə davranmalıdır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, insanların bu və digər hallarda belə hadisələrlə qarşılaşmasını böyük təəssüf hissi ilə qeyd edirik:
"Dəfələrlə çağırış etmişik ki, insanlar yol hərəkəti qaydalarına biganə yanaşmasınlar. Lakin bütün xəbərdarlıqlara baxmayaraq, bəzi insanlar hələ də məsuliyyətsiz davranır və yol hərəkəti qaydalarına laqeyd münasibət göstərirlər. Onlar bu qaydalara əməl edilməsini bəzən düzgün qiymətləndirmir, əhəmiyyətini dərk etmirlər. Ona görə də yol hərəkəti qaydalarına əməl olunmasına daha ciddi yanaşılmalıdır. Belə hadisələr təkcə sürücülərə deyil, hadisənin şahidi olan insanlara da ciddi psixoloji təsir göstərir. Onlar uzun müddət yaşadıqları stressdən çıxa bilmir, bəzən ömür boyu özlərini bağışlaya bilmirlər. Nəticədə bəzi insanlarda panik pozuntu, daimi qorxu və narahatlıq yaranır. Onlar hər dəfə yola çıxarkən eyni hadisənin yenidən baş verəcəyindən ehtiyat edirlər. Bütün bunlar insanların yol hərəkəti qaydalarına biganə yanaşmasının və məsuliyyət hissinin zəif olmasının bariz nümunəsidir.
Belə halların qarşısını almaq üçün təhlükəli ərazilərdə nəzarət gücləndirilməli, zərurət yarandıqda yollar müvəqqəti bağlanmalı, insanların təhlükəli hissələrdən keçməsinə imkan verilməməlidir. Qaydaları pozan şəxslər barəsində isə dərhal müvafiq tədbirlər görülməlidir. Belə hallarla mübarizə daha ciddi xarakter almalı, kompleks tədbirlər həyata keçirilməlidir ki, nəticədə yol hərəkəti təhlükəsizliyi təmin olunsun və bu cür hadisələrin sayı azalsın".
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB