Azər Həsrət istefa verdi BƏYANAT

Azər Həsrət Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədrliyindən istefa verməsi barədə bəyanat yayıb. SİA həminb bəyanatı diqqətinizə çatdırır:

"Otuz ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində istər milli, istərsə də beynəlxalq olmaqla müxtəlif nüfuzlu təşkilatların həm quruculuğunda, həm də rəhbərliyində iştirak etmişəm. Könül verdiyim işdə hər zaman səmimiyyətimi qorumuş, insanlara faydalı olmağa çalışmışam. Vaxtı çatanda tutduğum rəhbər vəzifələrdən imtina etməkdən də çəkinməmişəm. Ona görə də əvvəl rəhbəri olduğum bütün təşkilatlarla sonrakı mərhələdə yaxın münasibətlərim və şəxsimə sayğı qalmaqdadır.

Qurucusu olduğum təşkilatlardan biri də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsidir (CASCFEN). 2003-cü ilin 20 mart günü Bakıda əsasını qoyduğumuz bu təşkilat ötən 15 il ərzində şərəfli yol keçmiş, istər Azərbaycan, istərsə də bizə doğma olan Orta Asiya ölkələri üçün faydalı işlərə imza atmışdır. Qurulduğu gündən sədri olduğum CASCFEN hər zaman milli maraqları rəhbər tutmuş, Azərbaycanın haqq səsi olmağa çalışmışdır. Bununla belə hər işin bir başlanğıcı olduğu kimi sonu da olur. O baxımdan hələ bir neçə ay öncə gəldiyim qərarımı elan etmək istərdim.

Bəyan edirəm ki, 23 aprel 2018-ci il tarixindən CASCFEN sədrliyindən istefa verirəm. Qurumun İdarə Heyətinin yaxın günlərdə toplaşaraq bu istefamı qəbul etməsini və yeni rəhbərlə bağlı qərar verməsini istərdim.

Mənim sonrakı fəaliyyətimlə bağlı onu da qeyd etmək istərdim ki, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda xarici əlaqələr komissiyasının sədri kimi fəaliyyətimi davam etdirəcəyəm.

CASCFEN-in bütün üzvlərinə, eləcə də bizə hər zaman xüsusi rəğbət və sayğıyla yanaşan dostlara, dəstək olan insanlara ehtiramımı ifadə edirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə