Gəmi düzəldirəm nəvələrimə... - İmir Məmmədli Poeziyası

YAZMIRAM DAHA

Sevgi şeirləri yazmıram daha

Qənaət edirəm ağ vərəqlərə.

Harda kağız, vərəq düşsə əlimə

Təyyarə düzəldirəm,

Gəmi düzəldirəm

Nəvələrimə.

GECİKMƏYİMİZİN BAŞLICA SƏBƏBİ

Gecikirik, çünki hələ yolumuzu

Gözləyənlər var.

Gözləyən olmasa,

Ürəkdən gecikmək istəsək belə
Gecikəmmərik.

Gecikmək sözüylə gözləmək sözü

Bir-birindən ayrı tam mənasızdır.

BİR GÖZ QIRPIMINDA

Bir gözqırpımında getdin, gözəlim,

Gözümdə əridi üzün qar kimi.

Arxanca çırpındı ayaq izlərim

Sahilə atılan balıqlar kimi.

GÖRDÜN KÖVRƏLMİSƏN

Gördün, kövrəlmisən hönkür-hönkür,

Ağlamağın gəlir içindən,

Ağlama, əzizim, gözlə, qoy gəlim,

Güldürə bilməsəm,

Oturub ağlayaram səninlə birgə.

OVQAT

Havalar soyudu, mən isə sənin

İstini saxlayan yataq kimiyəm.

Titrəyir vücudum, əsir bədənim,

Quşu təzə uçmuş budaq kimiyəm.

Durub pəncərədən baxıram çölə,

Deyirəm ürəyim, daral, keçibdi.

Ruhum dalğalanır, elə bil göləm,

İçimdən indicə maral keçibdi.

GÜNƏŞLİ VƏ KÜLƏKLİ GÜN

Şəfəq sınır qarışqanın

Parıltılı kürəyində...

Niyyət qalır,

Yön dəyişir

Günün tozlu küləyində...

KÜLƏKDƏ YANAN TONQAL

Ocağın üstünə atdıq çırpını,

Havada ayaz var,

yol-cığır buzdu.

Od-alov küləkdə elə çırpınır,

Elə bil can verən, başsız xoruzdu.

Bütün xəbərlər Facebook səhifəmizdə