Unudulmazlığın sadə yolu Talıb Əliyev – 90

Allah tərəfindən əlverişli coğrafi mövqe, mülayim iqlim, bərəkətli torpaq və saf ab-hava ilə mükafatlandırılmış doğma Masallımız həm də rövşənfikirlilər məskənidir. Tarixini vərəqlədikcə tərəqqisində payı olan neçə-neçə işıqlı adla-soyadla rastlaşırsan. Bu məqalədə barəsində yığcam şəkildə söhbət açmağı nəzərdə tutduğumuz, ömrünün dolğun çalarları əslində bütöv kitaba boy verən Talıb Fəttah oğlu Əliyev məhz həmin müqtədir sıradandır...

O, 1927-ci ildə qayım-qədim Ərkivanda doğulmuş, 1932-1941-ci illərdə zəmanəsinin qabaqcıl mənəviyyat ocaqlarından sayılan “Ağ məktəb”də natamam orta təhsil almışdı...

Böyük Vətən müharibəsi uşaqların – yeniyetmələrin bərkiməmiş çiyinlərinə ağırlığı, yetərincə formalaşmamış davranışlarına məsuliyyət hissini çox erkən gətirdi. Oyundan-oyncaqdan doymadan qayğı ilə yükləndilər, cəbhəyə gedən ataları əvəzləmək məcburiyyətində qaldılar. Tay-tuşları təsərrüfatın ayrı-ayrı sahələrinə yönləndirilirkən, yaxşı oxumuş Talıb bir müəllim kimi əmək fəaliyyətinə başladı. Və ona göstərilən bu böyük etimadı düzgün dəyərləndirərək vaxt itirmədən səviyyəsini qismətinə ünvanlanmış şərəfli peşəyə uyarladı – gərgin mütaliə hesabına biliyini genişləndirdi, qiyabi olaraq, 1945-ci ildə ibtidai siniflər üzrə kursu, 1948-ci ildə Lənkəran pedaqoji məktəbini, 1957-ci ildə ADU-nun filologiya fakültəsini bitirdi.

1941-1952-ci illərdə Böyük Xocavarda müəllim, dərs hissə müdiri və məktəb direktoru, 1952-1954-cü illərdə Zuvandda müəllim, 1954-1955-ci tədris ilində Köhnə Alvadıda dərs hissə müdiri işləyən gənc pedaqoq bacarığı – zəhmətsevərliyi ilə diqqət çəkərək, 1955-ci ilin payızında rayon Xalq Maarif şöbəsinə dəvət olunur. Bir müddət metodist, inspektor kimi çalışdıqdan sonra, 1958-ci ildə pedaqoji kabinetə müdir təyin edilir. Tez-tez münaqişəli, problemli təhsil müəssisələrinə ezamiyyətə göndərilməsi, nizam-intizam yaratmaq üçün bəzən hətta müvəqqəti direktor verilməsi göstərir ki, ona güvənirdilər...

Heydər Əliyevin 1969-cu ildə respublikada hakimiyyətə gəlişi iri miqyaslı islahatlarla əlamətləndi. Bütün istiqamətlərdə əsaslı kadr dəyişiklikləri aparıldı. Yeni mədəniyyət naziri Zakir Bağırov yerlərdəki səlahiyyətli nümayəndələrini şəxsən özü ətraflı yoxlayıb işə götürürdü. Ona görə bölgələrdə çalışırdılar ki, qəbuluna getməkdən ötrü sanballı namizədə təqdimat yazsınlar. Mədəniyyət şöbəsində 7 illik müdirlik fəaliyyəti Talıb Əliyevin tərcümeyi –halına belə düşdü və yüksək təşkilatçılığı, təşəbbüskarlığı burada da şəxsiyyətinə dərin hörmət qazandırdı...

Ziyalının düşməni yox, qısqanc ideoloji opponentləri, qibtəkar məfkurə əlehdarları olur, – deyirlər. Təəssüf ki, Talıb müəllimə münasibətdə bu kəlam bir daha doğrulandı. Azadəliyini, halallığa, gözütoxluğa söykənən məğrurluğunu həzm edə bilmədilər. Nailiyyətlərini görə-görə idarəçilik dəsti-xəttində qüsur axtardılar...

O, isə niyyətlərinin vəzifədən kənarlaşdırmaqdan çox sındırmaq məqsədi daşıdığını anlaylb, mücadiləyə girmədi.

Yetəndə qürrələnmədiyi mənsəbdən yanıxmadan da ayrıldı və öz əzəli meydanına -təhsilə üz tutdu. Beləcə, müqəddəs yolunun davamına köklənərək, 1976-1980-cı illərdə Boradigah 1 nömrəli məktəbdə dərs hissə müdiri, 1980-cı ildən C.Cabbarlı adına Ərkivan orta məktəbində dil-ədəbiyyat müəllimi işlədi. Səyini – enerjisini ortalığa qoyub, ömrünün sonuna – 1992-ci ilin 12 martına kimi xalqının, vətəninin xidmətində dayandı...

Talıb müəllimin əməyi çalışdığı hər iki sahədə dövlət tərəfindən qədərincə qiymətləndirilib. 1963-cü ildə “Qabaqcıl maarif xadimi”, 1972-ci ildə “SSRİ mədəniyyət əlaçısı” döş nişanlarına layiq görülüb, diplom və Fəxri fərmanlarla təltif edilib.

Qayğını tanrı bəxşişi sanan, rahatlığını gənclərin təlim-tərbiyəsində, mədəni inkişafında tapan bu fədakar ziyalının şəxsi həyatı da umular – istəklər əhatəsində keçib. Yuvasından Seyran, Nazim, Rövşən, Sevinc, Vurğun, Elçin, Elşad, Elburus, Heyran və Elşən adlı 10 övlad pərvazlandırıb. Cəmiyyətə, yurda yararlı vətəndaşlar, – həkimlər, iş adamları, özü kimi müəllimlər ərsəyə gətirib ki, ötəri tanışlıqdan ədəblərinin təməlində onun varlığını aydın duyarsan. Bu şəcərədə orta məktəbi qızıl medalla qurtarıb, pedaqoji institutun fizika fakültəsində ali təhsil alan, “Viləş” futbol komandasında kapitanlıq eləmiş Seyran Əliyev oxşarında oğulların təkrar yetişəcəyinə inanarsan...

Talıb müəllimin dost sayıb, ülfət bağladıqları da mövqeli – nüfuzlu simalar idi: Əvəz Cəbiyev, Xurşid Qasımov, Əhməd Əhmədov, Hüseynbala Əhədov, Vəliəhd Quliyev, Yasər Mirzəyev, Abuzər Mikayılov, Ulduz Şükürov, Vaqif Hüseynov, Cavanşir Əsədov... Yaxşı tanınırdılar, yaxşı kimi tanınırdılar. Heyif ki, çoxu dünyasını erkən dəyişdi və bu itkilər ona niskilli aylar, illər yaşatdı. Ruhu ruhlarına qovuşana qədər xatirələrini əziz tutdu. Məzarlarını ziyarət etməklə, haqlarında yazılar yazıb mətbuata çıxarmaqla ehtiramlarını saxladı.

Bəsirət sahibi idi Talıb müəllim. Bilirdi ki, unudulmazlığın ən sadə yolu unutmamaqdır. Bilirdi ki, sədaqəti sədaqətlə qiymətləndiriləcək, yada salıbsa yada salınacaq. Ondan bəhs olunan bu xatirələrdəki kimi...

Lətifə Mövsümova (Masallı Regional Mədəniyyət və Turizm idarəsinin rəisi): - Dünyada nə qədər gözəl söz, xoş fikir var, məmnuniyyətlə hamısını Talıb müəllimə aid edərdim. Mən də daxil olmaqla, kollektivin bütün üzvlərinə himayədarlıq edib, qayğı göstərirdi. Dönə-dönə vurğulayırdı ki, həssas bir sahədə çalışdığınızı dərindən anlasanız, uğur daim sizinlə olacaq.

Qırx ildən artıqdır, onun bu tövsiyəsini fəaliyyət prinsipimizin mühüm tərkib hissəsi sanırıq, cərgəmizə qoşulan hər təzə işçiyə xatırladırıq...

Vaqif Yusifli (filologiya elmləri doktoru, professor, “Azərbaycan jurnalının baş redaktor müavini): – Əli Bağırzadə, İzzət Cəbiyev, Xurşid Qasımov... bunlar mənim müəllimlərim olub. O, isə müəllimim olmayıb, dostum olub, ağsaqqalım olub... Talıb müəllim mədəniyyət adamı idi. Rayonda uzun müddət mədəniyyət işinin bayraqdarı oldu. O illəri yaxşı xatırlayıram və bir-birindən rəngarəng tədbirlərin hamısının başında Talıb müəllim dururdu... Talıb müəllim ədəbiyyat adamı idi. Vaqif Hüseynov, Məmməd Kazım, Əyyub Xankişiyev, Xudakərim Məftun, Ramazan Əliyev, Azad Talışoğlu, Tofiq İlham, Dadaş Bəxtiyar, Baba Qurban, Məmmədağa Məmmədov, Adəm Qızılbaş, Soltanağa Məhərrəmov kimi yaradıcı ziyalılarla sıx ünsiyyəti, böyük şair Bəxtiyar Vahabzadə ilə dostluğu söz sənətinə məhəbbətindən qaynaqlanırdı.

Son illərində Ərkivan orta məktəbində dərslərinin şahidi olmuşam. Dərs deyəndə cavanlaşırdı... Talıb müəllim əsl azərbaycanlı idi.

Ayıq Səmədov (Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı) : – O, sevimli müəllimlərimdən biri olub. Biliyini, təcrübəsini əsirgəməməsi baxımından isə, sözsüz ki, ən yaxşısı idi. Fənnini ətraflı öyrətsin deyə proqramda nəzərdə tutulan dərs saatları ilə kifayətlənmirdi, əlavə məşğələlərə çox vaxt ayırırdı. Xüsusən yaradıcı şagirdlərin inkişafına geniş yer verirdi: Ədəbiyyata meyilli uşaqlara bədii divar qəzeti, aktyorluğa həvəs göstərənlərə səhnəciklər hazırlatdırır, musiqi duyumu olanlara ifaları üçün şərait yaradırdı... Talıb müəllim məzunluqdan sonra da yetirmələri ilə əlaqəni kəsmirdi. Əsgərlik dövrümdə mənə yazdığı məktubları yadigar saxlayıram...

Arif FƏRZƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə