AMEA-da prezident seçkiləri ilə bağlı toplantı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı toplantı keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Ölkə başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair müvafiq Sərəncamını xatırladan alim bununla cənab Prezidentin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyadzadə qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yeri tutması cənab İlham Əliyevin xalqımız və dövlətimiz adına reallaşdırılan məqsədyönlü siyasətin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir. AMEA-nın müxbir üzvü hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Gənc alim və mütxəssislərin dövlət başçısına daim güvəndiyini söyləyən F. Salmanov AMEA-da çalışan, eləcə də hər bir Azərbaycan gəncini cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev çıxış edərək akademik elmin inkişaf etdirilməsində ölkə başçısı İlham Əliyevin misilsiz xidmətlərindən danışıb.
O vurğulayıb ki, bədii ədəbiyyata və yazarlara, ədəbiyyatşünaslıq elminə dövlət qayğısı ölkəmizdə sözün qüdrətini daha da artırıb. T. Mustafayev qeyd edib ki, qarşıdakı Prezident seçkilərində Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının gələcək inkişafı naminə cənab İlham Əliyevi dəstəkləyəcək.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan bilik əsaslı cəmiyyət və iqtisadiyyat cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə uğurla inkişaf etdirilib.
Sonda Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva Azərbaycan Respublikasına Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası kollektivinin bəyanatını səsləndirib.

Bəyanatda qeyd olunur ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Bildirilir ki, Azərbaycan Respublikasının elm adamlarının 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...