Böyük Britaniya rəsmisi ölkəmizin musiqi mədəniyyətinə heyranlığını bildirib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Emma Nikolson və mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində dəyirmi masa keçirilib. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Əbülfəs Qarayev qonağa Azərbaycan musiqi mədəniyyəti haqqında məlumat verib. Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əlaqələrin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. E.Nikolson qeyd edib ki, onun musiqiyə, xüsusilə şifahi-ənənəli musiqi janrlarına böyük marağı var və Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov ölkəmizdə folklor nümunələri, onların toplanılması, yazıya alınması haqqında danışıb. Bildirib ki, bir çox xalqların folklor nümunələrini də işləmək və gələcək nəsillərə ötürmək çox vacibdir.

İnstitutun musiqi folklor şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli Azərbaycanda musiqi folklorunun toplanılmasının və nota salınmasının tarixindən söz açaraq bu ənənənin bu gün də davam etdirildiyini söyləyib. Vurğulayıb ki, bu sahədə artıq iki nəşr işıq üzü görüb. Nəşrin birinci cildi mahnılara, ikinci cildi isə qədim rəqslərə həsr olunub.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvü Sürəyya Ağayeva orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi haqqında məlumat verərək qeyd edib ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə dövrünü işıqlandırır. Bu əsərlərdə Azərbaycan türk musiqi mədəniyyətinə dair önəmli faktlar yer alıb. Hər iki dahi alim, eyni zamanda, Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Beynəlxalq Muğam Mərkəzindəki qədim musiqi alətləri sərgi-kompozisiyası haqqında qonağı məlumatlandırıb.

Tədbir tanınmış incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə