Əlcəzair strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib

Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ərəb dünyasında sülh və təhlükəsizliyi gücləndirmək üçün Ərəb Dövlətləri Liqası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında strateji tərəfdaşlıq əlaqələri qurmağa çağırıb. SİA xəbər verir ki, iki təşkilat arasında əməkdaşlığa həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı Attaf regional sabitliyin əsaslarını dəstəkləmək üçün məqsədli və səmərəli tərəfdaşlığın zəruriliyini vurğulayıb. O, Fələstin probleminin ədalətli və yekun həlli, ərəb ölkələrinin işlərinə kənar müdaxilələrin dayandırılması və ərəb dünyasını sarsıdan böhranların həllinə yönəlmiş siyasi proseslərin canlandırılması da daxil olmaqla, bir sıra əməkdaşlıq sahələrini müzakirə edib.

Nazir, həmçinin Livanın bir neçə ildir yaşadığı daxili iğtişaşların aradan qaldırılmasına kömək məqsədilə bu ölkəyə dəstəyin iki təşkilat arasındakı əməkdaşlığın mərkəzində olmasının vacibliyini qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Əlcəzairin xarici işlər naziri Suriyadakı vəziyyətə toxunaraq, BMT və Ərəb Liqasının sülh və sabitlik axtarışında olan bu qardaş ölkəyə dəstək verməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Suriyanın suverenliyinin bərpası, ölkənin ərazi bütövlüyünün qorunması və vətəndaşların ümumi milli layihə ətrafında birləşməsi vacibdir.

Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt Əlcəzairin bu təşəbbüsünü alqışlayıb və təhlükəsizlik çərçivəsində ərəb ölkələrinin məsələlərinin müdafiəsində onun rolunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə