Meksikada bir sərnişin daxili reyslə uçan təyyarəni zorla ABŞ-a yönləndirməyə çalışıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qorxunc cəhdin qarşısı kabin heyəti və digər sərnişinlər tərəfindən alınıb.
Ölkənin aparıcı aviaşirkətlərindən biri olan Volaris, həyat yoldaşı və iki uşağı ilə daxili reyslə səyahət edən 31 yaşlı bir sərnişinin təyyarəni zorla ABŞ-a yönləndirməyə çalışdığını açıqlayıb.
Açıqlamaya görə, Meksikanın mərkəzindəki El Bajio bölgəsindən Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə uçan təyyarənin sərnişini kabin xidmətçisinə hücum edərək kabinəyə girməyə cəhd edib. Sərnişinin təyyarəni zorla ABŞ-a yönləndirmək cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb. Daha sonra təyyarə təyinat yerindən təxminən 2220 kilometr aralıda yerləşən Qvadalaxara Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Saxlanılan sərnişin ilk ifadəsində bu cəhdi yaxın qohumunun cinayətkarlar tərəfindən qaçırıldığı və hədələndiyi üçün etdiyini iddia edib. Bildirilib ki, "Volaris Airline" şirkəti məhkəməyə müraciət edərsə, şübhəli 3 ildən 20 ilə qədər həbs cəzası ala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə