"Ermənilər göz görə-görə övladımı öldürdülər" - MÜSAHİBƏ - FOTOLAR

Qərbi Azərbaycanlı Gözəl Abdullayevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Bizə biraz özünüz barədə danışın...

- Mən 1952-ci ildə Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazisində anadan olmuşam. Orada ilk olaraq ermənilərin çox olduğu qəsəbədə yaşayırdıq. Daha sonra atam Allahverdi rayonunun Ayrım kəndində ev tikdi və biz ora köçdük. Həmin kənddə heç bir erməni yaşamırdı. Mən 1972-ci ildə orta məktəbi bitirdikdən sonra kənddən çıxmışam. Məndən sonra qardaşım və bacım da kəndi tərk etmişdilər. 1988-ci ilədək tətillərdə ata-anamızın yanına kəndə gedirdik.

- Gözəl xanım, müəyyən bir yaşa kimi Qərbi Azərbaycanda yaşamısınız. Ermənilər sizinlə necə rəftar edirdilər?

- Onlar bizə həmişə türki molla deyirdilər. Bizi bir dəfə belə azərbaycanlı deyə çağırmırdılar. Qəsəbədə ermənilərlə birgə yaşayan vaxt məktəbə gedəndə yol boyu onlarla dalaşırdıq.

Ermənilər göz görə-görə mənim övladımı öldürdülər. Qızımı xəstələndiyi üçün rayonun xəstəxanasına aparmışdım. Guya uşağa sistem vururdular. Uşağın 41-ə qalxan temperaturu sistemi çıxardan kimi 36-ya düşdü. Ondan sonra uşağım öldü. Ermənilər həmişə bizimkiləri öldürməyə çalışırdılar. Ruhumuz duymadan camaatımızı bir-bir məhv edirdilər.

- Ermənilərlə bağlı başqa hansı xoşagəlməz xatirələriniz var?

- Bir dəfə biz qəsəbədə yaşayanda atam “stalavoy”un qarşısında 5-6 erməninin davasına şahidlik etmişdi. Evə gələndə dedi ki, bir erməni digərini vurdu öldürdü. Atam da bunu sadəcə aralıdan görüb. 2-3 saatdan sonra evimizə polislər gəldi və ermənini öldürdüyünü iddia edərək atamı həbs etdilər. Atam nə qədər sadəcə davaya baxdığını, amma kimisə öldürmədiyini desə də, inanmadılar. Ermənilərin hamısı izahat yazmışdı ki, həmin adamı türk kişi öldürüb. Hətta həmin erməninin arvadına pul təklif etmişdilər ki, polislərə yalan ifadə versin. Erməni qadın yalandan demişdi ki, guya əri son nəfəsində onu bir türkün vurduğunu deyib. Atama 10 il və sonunda güllələnmə cəzası verdilər. Atam 1 il boyunca dayanmadan Moskvaya məktub göndərdi ki, günahsız yerə həbs olunub. Yenidən məhkəməsi oldu. İlk olaraq güllələnmə cəzasını götürdülər. Daha sonra isə əsl cinayətkar məlum oldu və atam azadlığa buraxıldı. Yəni, ermənilər belə millətdir.

- Bəs, ata-ananız hansı şəraitdə kəndi tərk ediblər?

- Valideynlərim çətin vəzyyətdə canlarını ermənilərdən qurtarıblar. İkimərtəbəli evimiz, qışlıq azuqələrimiz, mal-mülkümüzün hamısı ermənilərə qaldı. Atamgil qaçıb özlərini Gürcüstana yetiriblər. Sonradan Moskvadan komissiya evi dəyişmək üçün gələndə kəndə qayıdıblar. Bakıdan gedən ermənilərlə bizimkilər evlərini dəyişirdilər. Hətta ermənilər deportasiya zamanı bizimkiləri aldadırdılar. Ermənilərdən biri əmimgilə gələrək deyib ki, maşınla gəlmişəm, əşyalarınızı aparmağa kömək edə bilərəm. Əmimoğlugil də sevinir ki, erməni onlara yardım göstərir. Evlərinin bütün əşyalarını erməninin maşınına yığandan sonra yarıyolda əmimoğlugili düşürüb. Erməni onları təhdid edib ki, ya maşından düşün, ya da maşını yandıracam. Onlar da yanmamaqdan ötrü qaçmışdılar. Bütün mülkləri də erməniyə qalmışdı. Amma Azərbaycan dövləti indi erməniləri Qarabağdan mədəni şəkildə yola salır. Hətta polislərimiz onlara yeməyini, suyunu belə verir. Ermənilər isə bizi hansı qəddarlıqla öz yurdumuzdan qovublar. Atamın maşını kənddən çıxana kimi arxasınca tüfəng atıblar.

- Azərbaycanlılar niyə kənddən Bakıya gəlməyə can atırdılar?

- Çünki ermənilər bizimkiləri işə götürmürdülər. Azərbaycanlılar işsiz qalmışdı. Bizim camaatı ancaq ağır işlərdə çalışdırırdılar. Azərbaycanlılar da can atırdılar ki, məktəbi qurtarıb Bakıya universitet oxumağa, işləməyə gəlsinlər. Artıq o həddə çatmışdı ki, kənddə birinci sinfə gedəcək uşaq qalmamışdı. Çünki hamı ailəsini götürüb Bakıya gəlirdi. Ya kənddə işsiz qalmalıydılar, ya da Bakıda, Gəncədə məskunlaşmalıydılar. Yalnız bayramlarda, tətillərdə valideynlərimizi görmək üçün kəndə gedirdik.

- Elə söz düşmüşkən, kənddə bayramları necə keçirirdiniz?

- Kənddə bayramı elə keçirirdik ki, heç Bakıda elə bayram qeyd eləmirdilər. Biz Novruz bayramını qeyd eləməkdən ötrü kəndə gedirdik. Çünki Bakıda tonqal qalamırdılar, yığıncaq eləmirdilər, qonaq getmirdilər. Amma kənddə bayram vaxtı şən əhval-ruhiyyə olurdu.

Kənddə biz orucumuzu da tuturduq, məhərrəmlik də saxlayırdıq. Bakıda isə bunlara icazə vermirdilər.

- Yenidən kəndinizdə yaşamaq istəyərsinizmi?

- Bu dəqiqə evimi o qədər çox görmək istəyirəm ki... Amma orada yaşamağa ürəyim gəlməz. Çünki nə atam, nə anam, nə də qardaşım orada olmayacaq və yerləri görünəcək. Hər birinin məzarı buradadır. Əgər vaxtında geri qayıtsaydıq, bəlkə qalıb yaşamaq istəyərdim. Amma indi mən orada yaşamağa dözə bilmərəm.

- Bəs, sizcə, Qərbi Azərbaycana qayıdış mümkün olacaq?

- İnanıram ki, doğma yurdumuza qayıdış mümkün olacaq. Ali Baş Komandanımız və ordumuz ki, 44 günə Qarabağı azad edib, Qərbi Azərbaycanı da geri qaytararlar. Biz dövlət rəhbərimizə güvənirik.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə