"Avropada Azərbaycan Prezidentinin uğurlu liderliyini etiraf edirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan balanslaşdırıcı siyasət yeridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Azərbaycan həm Şərqlə, həm Qərblə, həm Şimalla, həm Cənubla ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün beynəlxalq hüquq prinsipində siyasətini qurmaqdadır: "Eyni zamanda Azərbaycan qonşularla dinc yaşamaq prinsipinə də daha çox üstünlük verməkdədir.

Xatırlatmaq istəyirəm ki, bu yaxınlarda Azərbaycan Prezidenti Rusiyaya səfər etdi. Rusiya ilə münasibətimiz yüksək səviyyədədir. Çünki 2022-ci ildə Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq barədə saziş imzalandı. Bu sazişin bütün müddəalarına görə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə qurulmaqdadır.

Azərbaycan Qərblə də əməkdaşlıq edir. Avropa dövlətləri ikitərəfli münasibətlərini qurmaqdadır. Avropanın 3-də birinin enerji təhlükəsizliyini təmin etmək istəyən Azərbaycanın Avropanın dövlətləri ilə ikitərəfli müqavilələri var. İqtisadi əməkdaşlığımızı yüksək səviyyədə qururuq. Ümumilikdə Avropanın aparıcı dövləti olan Almaniya ilə də münasibətimizi yüksək səviyyədə qurmaqdayıq. Çünki Almaniya Avropanın həm siyasi baxımdan, həm də iqtisadi baxımdan aparıcı dövlətlərindəndir. Hesab edirəm ki, Avropa ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin qurulması Azərbaycan üçün də münasibdir.

Avropanın bəzi dövlətləri Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. Ermənistanın Avropada diasporası güclüdür. Bu diasporun vasitəsilə Avropa dövlətlərinin Azərbaycanla münasibətlərini korlamağa çalışırlar. Təbii ki, Azərbaycan Avropanın fərqli dövlətləri ilə ikitərəfli münasibətləri qurmaqdadır. Bu dövlətlərdən də biri Almaniyadır. Almaniya Azərbaycanda maraqlı olan dövlətdir".

"Hesab edirəm ki, Almaniya-Azərbaycan münasibətlərinin yaxşı olması Azərbaycanın Avropada dayaqlarının güclənməsidir. Azərbaycan Prezidentinin Almaniyada səfərdə konslerlə görüşü xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti bir daha Avropada bəyan etdi ki, Ermənistanla sülh sazişinin imzalanmasında maraqlıyıq. Azərbaycan qonşuluq münasibətində qonşuları ilə dinc yaşamaq prinsipinə daha çox üstünlük verir. Bu baxımdan da qalib dövlət olsa da, sülh sazişi üçün beş təməl prinsipi ilə Ermənistan dövlətinə müraciət etmişdi. Bu baxımdan da Almaniyadakı çıxışında da bir daha qeyd etdi ki, biz sülh sazişinin imzalanmasında maraqlıyıq. Eyni zamanda bəzi Avropa dövlətlərinin Azərbaycana qarşı qərəzli yanaşması var. Hətta AŞPA insan haqları ilə əlaqədar Azərbaycana təzyiq edir. İnsan haqlarının Azərbaycanda tapdalanması barədə qərəzli bəyanatlar səsləndirməkdədir. Buna da Azərbaycan Prezidentinin cavabı oldu.

Almaniya-Azərbaycan münasibətlərinin yaxşı olması Azərbaycanın da dövlət və milli maraqlarına uyğundur. Çünki Azərbaycanın Avropada dayaqlarının olması və erməni diasporuna qarşı güc mərkəzi yaratmağımız bizim dövlət maraqlarımıza uyğundur. Hesab edirəm ki, bu səfər də dediyim prinsiplərə uyğunlaşdırılır. Ümumilikdə Avropada Azərbaycan Prezidentinin nüfuzunu, liderliyini etiraf edirlər. Avropa dövlətləri Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq üçün cəhdlər edirlər. Bu baxımdan Azərbaycan reallıqlarını bizə qarşı qərəzli rəftar edən Avropa dövlətlərinə çatdırmaq üçün Almaniya kimi dövlətin nüfuzundan da istifadə etməyimiz maraqlarımıza uyğundur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə