Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası olub - FOTOLAR

Ər-Riyadda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib. SİA Agentliyə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyevin, İşgüzar Şuranın həmsədrləri - KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin iştirak etdiyi iclasda hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanları, işgüzar dairələr arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində E.Əliyev Federasiyanın sədri Hasan Moejeb Alhvaizi ilə görüşüb. Görüşdə biznes dairələri arasında əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə