Azərbaycan mehmanxanalarında gecələmə sayı 42 % artıb

Bu ilin birinci rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 % artaraq 779,4 min olub. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gecələmələrin ümumi sayının 64,7 %-i Bakıda, 9,3 %-i Qusarda, 4 %-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Şabranda, 3 %-i Qəbələdə, 1,8 %-i Lənkəranda, 1,1 %-i Gəncədə, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 7,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 % artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 %-ini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 %-i Hindistan, 17,3 %-i Rusiya Federasiyası, 9 %-i Türkiyə, 7,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 6,3 %-i Səudiyyə Ərəbistanı, 3,7 %-i Küveyt, 2,7 %-i Qazaxıstan, 2,7 %-i Böyük Britaniya, 2,4 %-i ABŞ, 2,3 %-i Pakistan, 2,3 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,3 %-i Almaniya, 1,1 %-i İtaliya, 1,1 %-i Gürcüstan, 1 %-i Bəhreyn, 0,9 %-i İsrail, 0,8 %-i Qətər, 0,8 %-i Ukrayna, 0,7 %-i Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,9 faizi Bakıda, 8,8 faizi Qusarda, 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz artaraq 346,0 min olub ki, bu da ümumi gecələmələrin 44,4 faizini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə