"1988-ci ildən ürəyimdə bir arzu var, kəndimizə qayıtmaq..." - MÜSAHİBƏ

Qərbi Azərbaycanlı Tibb Universitetinin Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Şirazi İbrahimovun SİA-ya müsahibəsini təqdim edirik:

- Şirazi müəllim, ilk növbədə özünüzü təqdim etməyinizi istərdim.

- Mən İbrahimov Şirazi Rüstəm oğlu Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşam. 1980-ci ildə həmin kənddə I sinfə başlamışam. 1988-ci ilə qədər orada təhsil almışam. 1988-ci ildən sonra Bakı şəhərində yerləşən Kimya-Biologiya təmayüllü internat məktəbində təhsilimi davam etdirmişəm. Çox təəssüf ki, 1988-ci ildə el-obamızın acınacaqlı dövrü başladı. O illərdən bu günə qədər çox zaman keçib. Həm sevindiyimiz, həm də kədərləndiyimiz günlər oldu. Nə qədər sevincli günlərimiz olsa da, həmişə bir yanımız kədərli olub. Çünki mən elə düşünürəm ki, vətən nisgilli, torpaq həsrətli insanlar ürəkdən gülə bilmirlər.

Hal-hazırda Azərbaycan Tibb Universitetinin Qulaq, burun və boğaz xəstəlikləri kafedrasında assistent kimi fəaliyyət göstərirəm. Sizin də istər Qərbi Azərbaycan, istərsə də həkimlik barədə bütün suallarınızı cavablandırmağa hazıram.

- Bizə bir az kəndiniz barədə məlumat verin. Sizcə, kəndinizin ən ümdə xüsusiyyəti nə idi?

- 1988-ci ildə artıq mənim 15 yaşım var idi. Uşaqlıq yaddaşı möhkəm olur və unudulmur. İnsanın uşaqlıq illəri harada keçirsə, elə ora da vətəni sayılır. Göyçə mahalı 5 rayondan ibarətdir. O rayonlardan biri Basarkeçərdir. Basarkeçərin 36 kəndindən biri də bizim Nərimanlı kəndimizdir. Bu kənd 400-ə yaxın evdən ibarət idi. Biz o torpaqlarda böyüdük, boya-başa çatdıq, yıxıldıq, durduq. İnsanın möhkəmlənməyi üçün mütləq torpaq lazımdır. Ağacları, bitkiləri bir yerdən götürüb başqa bir yerə apardıqda onlar ya cılızlaşır, ya da quruyur. İnsan da həmin canlılar kimi torpaqdan güc alır. Doğrudur, biz deportasiya illərindən sonra yenidən Azərbaycan torpağına qədəm qoyduq. Amma bizim yaddaşımızdan doğma kəndimiz çıxmadı. Kəndimizin gözəl təbiəti, suyu, yaşıllığı var idi. Hər yer yamyaşıl dağlardan ibarət idi. Mən xatırlayıram ki, Göyçə mahalında insanların öd kisəsində daş xəstəliyi olmazdı. Oradakı suyun tərkibində olan minerallar, orqanizm üçün faydalı olan hər şey var idi. Kəndimizin insanları da çox mehriban idi. Tanış olan və ya olmayan hər kəs bir-birini gördükdə salamlaşardı. Nərimanlı kəndinin ən ümdə xüsusiyyəti ondan ibarət idi ki, orada həm tütünçülük, həm də kənd təsərrüfatı inkişaf edirdi. Eyni zamanda, Göyçədə zod-qızıl mədəni var idi. Kəndimizin sakinləri orada da fəaliyyət göstərirdilər.

Amma onu deyim ki, bizim ən dəyərli var-dövlətimiz müəllimlərimiz idi. Müəllimlərimiz bizə təkcə savad, bilik vermədilər. Onlar bizə həm də vətəni sevməyi, torpaq uğrunda candan keçməyi öyrətdilər. Nərimanlı kəndində doğulub, boya-başa çatmış 18 sakinimiz I Qarabağ müharibəsində şəhid olub. II Qarabağ müharibəsində isə Nərimanlı kəndi 3 şəhid verdi. İran İslam Respublikasının Azərbaycan səfirliyində həyata keçirdiyi terrorda şəhid olan Orxan Əsgərov da Nərimanlı kəndinin sakini idi. Bir sözlə, Nərimanlı belə vətənpərvərlərlə dolu bir kənd idi.

- Şirazi müəllim, Qərbi Azərbaycan İcmasının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, 1988-ci ildən sonra Qərbi Azərbaycan kökənli insanlar ya Azərbaycanda, ya da digər ölkələrdə dünyada gəliblər. İcma yarandıqdan sonra dövlət səviyyəsində Qərbi Azərbaycanlılara dəstək çox mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan əhalisi arasında yenidən bir təşkilatlanma başladı. Qərbi Azərbaycan İcmasının binasında Nərimanlı kəndinin bir görüşü keçirildi. Həmin görüşdə mən Nərimanlı kəndinin icma rəhbəri seçildim. Bu, mənim üzərimə yeni bir məsuliyyət qoyur. Qərbi Azərbaycanda ermənilər tərəfindən dəyişdirilmiş toponimlərin yenidən keçmiş vəziyyətinə qaytarılması üçün əlimizdən gələni edirik. Mən inanıram ki, Qərbi Azərbaycan İcması üzərinə götürdüyü bu şərəfli işi layiqincə yerinə yetirəcək.

- Bir müddət öncə Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyası qəbul etdi. Həmin konsepsiya ilə bağlı hər hansı bir təklif irəli sürdünüz?

- Qayıdış Konsepsiyası qəbul olunduqdan sonra, ilk növbədə, 1988-ci ildə deportasiya olunmuş Qərbi Azərbaycanlıların siyahısı hazırlanmağa başlandı. Həmin siyahıyaalmada Nərimanlı kəndi də yaxından iştirak etdi. Bu gün artıq 3000-ə yaxın Nərimanlı kəndindən 1988-ci ildə deportasiya olunanların siyahısı hazırlanıb. Həmin siyahıda qeyd olunmuşdu ki, ailə quran Nərimanlı kəndi qadınları ərə getdiyi yerdə qeyd olunsun. Sonra məlum oldu ki, qızlarımızın çoxu Qərbi Azərbaycanlı biri ilə əlaqə qurmayıb. Bu zaman onlar siyahıda qeyd olunmayacaqdı. Bizim də İcmaya belə bir təklifimiz oldu ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən olan şəxslərlə ailə quran kəndimizin xanımları da siyahıda qeyd olunsun. Çünki onlar da həmin kənddə doğulub və müəyyən hüquqları var.

- Niyə məhz həkimlik?

- Biz müəllimlərimizdən çox çəkinərdik, onlardan həya edərdik. Amma kəndimizin uşaqları ali məktəbə qəbul olandan sonra kəndə qayıtdıqda görərdik ki, bizim müəllimlər tələbə adını qazanmış abituriyentlərlə ikiəlli görüşür. Müəllimlərimizin tələbə adını qazananlara bu qədər dəyər verməyi bizə də bir motivasiya verirdi. Ali məktəbə qəbul olmaq həvəsi məndə ən çox bu səbəbdən yaranmışdı. Həkimlik peşəsinə gəldikdə isə onu deyə bilərəm ki, atamın tövsiyəsi ilə bu peşəni seçmişəm. Yaxşı ki də atamın məsləhətinə qulaq asmışam. İnsanların sağlamlığının keşiyində durmaq çox gözəldir. İnsan o zaman həkim olur ki, ona müraciət edənlər yanından ayrıldıqdan sonra özlərində bir yüngüllük hiss etsinlər. Həkimə inam olmalıdır.

- Sizcə, Azərbaycanda səhiyyənin inkişafını hansı səviyyədə görürsünüz?

- Bugünkü gündə Azərbaycan səhiyyəsində yeniliklər nə qədər çox olsa da, çatışmazlıqlar da çoxdur. Bilirsiniz ki, ilk növbədə xəstə insanların sağlamlığının qeydinə qalınması üçün dövlət təminatı olmalıdır. Bu istiqamətdə son dövrlərdə sığorta sisteminin tətbiqi mühüm əhəmiyyət daşıyır. Hələlik, işləyib-işləməməyindən asılı olaraq insanlar sığorta sistemindən yararlana bilər. Bu məsələdə də çatışmayan şeylər var. İnsan övladı ona təmənnasız verilənlərin qədrini bilmir. Bizim sağlığımız Yaradan tərəfindən təmənnasız verilib. Amma biz, sadəcə, xəstələndikdə onun qədrini bilirik. Çalışmaq lazımdır ki, xəstələnməyək. İbn Sinanın sevdiyim bir sözü var. Deyir ki, xəstə insan xəstə olan deyil, xəstə insan özünü xəstə hesab edəndir. Ona görə də xəstəliyə qalib gəlmək üçün, ilk növbədə, mütləq daxilimizdə o xəstəliyə qalib gəlməliyik. İnanmalıyıq ki, biz bu xəstəlikdən müalicə olunub qurtulacağıq.

- Son olaraq, Qərbi Azərbaycanla bağlı arzularınızı dilə gətirməyinizi istəyirəm.

- Mən dəfələrlə öz-özümə “xoşbəxtlik nədir?” deyə düşünmüşəm. Belə bir qənaətə gəlmişəm ki, xoşbəxtlik insanın arzusuna çatdığı an keçirdiyi bir hisdir. Bəzən bu xoşbəxtliyə nail olmaq üçün uzun illər lazım gəlir. Necə ki, 11 il əziyyət çəkən abituriyent ali məktəbə qəbul olanda o xoşbəxtlik hissini dadır. 1988-ci ildən bu yana biz Qərbi Azərbaycanlıların qəlbində yalnız bir arzu var. Bu da doğma yurdumuza qayıdışdır. İnanıram ki, biz arzumuza çatacağıq. Həmin an xoşbəxtlik hissini yaşamaq da bizə nəsib olacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə