Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mehbalı Zeynalabdıyev və Azər Salmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin, yaxınlarının, döyüş yoldaşlarının və digər qonaqların iştirak etdikləri mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə dualar oxunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.

Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan videoçarx nümayiş olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə