"Bir gün belə olsun, kəndimiz yadımdan çıxmır" - MÜSAHİBƏ-FOTOLAR

Qərbi Azərbaycanın Ağbulaq kəndindən deportasiya olunmuş Laləzar Həsənovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Bugün sizinlə Qərbi Azərbaycan barədə danışacağıq. Elə kəndinizlə bağlı xatirələrinizdən başlayaq. Ümumiyyətlə, oranı necə xatırlayırsınız? Kəndinizin spesifik xüsusiyyətləri nələr idi?

- Ağbulaq kəndi dəniz səviyyəsindən yüksəkdə yerləşsə də, oranın təbiəti kimi təbiət yox idi. Həm havası, həm suyu gözəl idi. Təbiətin füsunkarlığı hər kəsi heyran edirdi. Düzdü, qışı sərt olurdu, amma yayı o qədər gözəl olurdu ki, elə bil cənnət idi. Adam heç evə-eşiyə yığışmaq istəmirdi. Çox yer gəzmişəm, amma kəndimizdəki gülü, çiçəyi heç yerdə görməmişəm. Orada açan daramagülü adlı 8 ləçəkli bir gül var idi, hansı ki suya qoyurdun düz bir ay solmazdı. Bizim torpaqlarda hər şey bitirdi. Quzuqulağı, əvəlik, kəklikotu, bir sözlə nə axtarsan tapa bilərdin. Kəndimizin gözəlliyi indi də ağlımızdan çıxmır. Elə hey düşünürük ki, görəsən yurdumuza nə vaxt qayıdacağıq.

- Kəndinizdən neçənci ildə çıxmısınız? Yenidən kəndinizə qayıtma imkanınız olubmu? Deportasiya prosesi necə yadınızda qalıb?

- İlkin olaraq kəndimizdən 1988-ci il sentyabrın 14-də çıxmışam. O kənddən ilk çıxan biz olmuşduq. Hələ camaat kəndi tərk etməmişdi. Uşaqlarım da kənddə qalmışdı. Daha sonra bir dəfə, elə həmin ilin noyabr ayının 7-də qayıtmışam ki, uşaqlarımı kənddən aparım. Elə biz çıxan gündən camaatı kənddən deportasiya etdilər. Tələsik şəkildə əşyalarımızın ancaq bir hissəsini götürüb çıxa bildik. Yolda maşınların qarşısını kəsib camaatı soyurdular, işgəncə verirdilər. Çox ağır, məşəqqətli günlər idi. O günlər getsin, birdə qayıtmasın.

- Deportasiyadan öncə kənddə ermənilərlə münasibətiniz necə idi? Ermənilər sizə təzyiq göstərirdilərmi?

- Ermənilər bizə təzyiq etmirdilər. Amma kinli millətdilər. Heç nəyi unutmurdular və tutduqlarını buraxmırdılar. Şəhərə çıxa bilmirdik. Çünki söz atırdılar və ardınca dava düşürdü. Düzdür, bizim kəndimizdə tək-tük erməni yaşayardı. Lakin digər kəndlərdə ermənilər çox idi. Bilirdik ki, çox təhlükəli adamlardır.

- Ermənilər bizim dildə danışır və ya başa düşürdülər?

- Xeyr. Doğrudur, biz erməni dilini bilsək də, onlar bizim dildə heç bilmirdilər. Amma danışanda hiss olunurdu ki, onlarda bizim ləhcəyə uyğun sözlər işlənir.

- Qərbi Azərbaycan bölgəsində kəndlərin adlarının dəyişdirilməsi prosesi də olmuşdur. Sizin kəndinizin adı dəyişdirilmişdi?

- Basarkeçər, Tutucu, Vedibasar kimi ərazilərin adı dəyişdirilsə də, bizim kəndimizin adı eyni qalmışdı. Rayonumuzun adı dəyişdirib Krasnoselsk etmişdilər. Ağbulaq adı isə saxlanılmışdı. Təəssüf ki, ad eyni olsa da, kəndin özü eyni qalmayıb. Kəndimizin indiki halından şəkillər, videolar var. Həmin görüntülərə baxdıqda görürük ki, o yaşadığımız dövrdən heçnə qalmayıb. Hər yeri söküb dağıdıblar, evlərimizi görüntülərdə tapa bilmədik. Kəndimiz indi bomboşdur.

- Bəs, qarışıqlıq olan dövrdə kəndinizə məxsus adət-ənənələri yerinə yetirirdinizmi?

- Hər zaman bütün adət-ənənələrimizi qorumuşuq. İstər bayramlarda, istər toy şənliklərində hər bir adət-ənənəmizi yerinə yetirirdik. Bircə, məhərrəmlik ayında dini ayinlərimizi yerinə yetirəndə çəkinirdik. Çünki ermənilər izləyirdilər. Qorxurduq, amma yenə də dini adət-ənənələrimizi də qoruyub saxlamışıq. Heç birini unutmamışıq. Ancaq getdikcə ermənilər hər şeyimizi özününküləşdirməyə çalışırdı. Hətta Ağbulaqda bir məktəb var idi ki, 3 böyük korpusdan ibarət idi. Biz bir gün məktəbdə olanda gördük ki, bir avtobus erməni gəldi. Bir-bir otaqlara baxıb qeyd edirdilər. Bizə də dedilər ki, buranı özümüz üçün xəstəxana edəcəyik. Hamımız məəttəl qalmışdıq. Bilmirdik ki, başımıza nələr gələcək. Sonradan erməni dilində soruşanda dedilər ki, siz buradan getməlisiniz, bura artıq bizim məkanımız olacaq.

- Bütün dünya bilir ki, ermənilər bizə qarşı hansı münasibətdə olublar. Bəs sizcə, biz də ermənilərə onlar kimi cavab verməliyik?

- Biz unutqan millətik. Ürəyimiz o qədər təmiz, o qədər safdır ki, biz onlar kimi ola bilmərik. Ermənilərin bizə etdiyinin birini belə onlara etsək, bütün dünyaya car çəkərlər ki, azərbaycanlılar bizə nələr etdi. Amma biz onlar kimi deyilik. Haqq tapdalansa da, yenə də öz yolu ilə gedir. Təmiz insanların da hər zaman haqlı olduğu ortaya çıxır. Bizim də haqq səsimiz duyulacaqdır.

- Prezident İlham Əliyev konkret fikir bildirib ki, dinc yolla Qərbi Azərbaycana qayıdışın təmin olunması ilə bağlı dövlətin mövqeyi var. Tarixi torpaqlarımıza qayıdış söhbətləri sizə necə təsir edir? Qayıdış prosesini xəyalınıza gətirirsinizmi?

- Əlbəttə ki. Heç xəyalımdan, yuxularımdan çıxırmı ki?! Hörmətli Prezidentimiz çox gözəl bir ifadə işlətmişdi. Demişdi ki, Göyçə gölü elə bil ovcumuzun içindədir. O sözü eşidəndə çox kövrəlmişdim. Həqiqətən doğma yurdumuzdan ayrı çox çətindir (red:ağlayır).

- Vətəninizdən, doğma kəndinizdən uzun illər ayrı qalmaq necə bir şeydir?

- Vətən dərdi çox ağırdır. Bir gün belə olsun, kəndimiz yadımdan çıxmır. Nə oranı görə bilirik, nə dədə-babamızın qəbrini ziyarət edə bilirik. Vətəndən ayrı qalmaq çox çətindir. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. Hər quşa öz yuvası, hər insana öz yurdu şirindir.

Mən müəllimə kimi işləyəndə həddindən artıq mövzular keçirdik. Amma o mövzuların içində Vətənə, vətənpərvərlik tərbiyəsinə, milli qürur hissinə xüsusi yer verirdik. Vətəni başa düşmək çətin şeydir. Vətəni anlamaq üçün gərək ilk növbədə “Koroğlu” uvertürasını dinləyə, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni oxuyasan. Çünki anlamaq çox çətindir. Boş yerə deyilməyib ki, vətən mənim azadlığımdır, vətən mənim gələcəyimdir, vətən mənim heysiyyətimdir. Abbas Səhhətin bir şeiri var:

Vətən - əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

Həqiqətən də vətəni sevməmək, vətəni unutmaq olmaz.

- Son olaraq, ermənilərin sizi eşidəcəyini bilsəniz, onlara nə demək istəyərdiniz?

- Öz çirkin əməllərinizdən əl çəkin. Sizin torpağınız yoxdur. Oralar hamısı bizim tarixi torpaqlarımızdır. İnşallah öz yurd-yuvamıza geri qayıdacağıq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə